Xəbər lenti

Bananın içərisindən 290 milyon dollar dəyərində kokain aşkarlandı
Dünya 21:43 22.07.2026

Bananın içərisindən 290 milyon dollar dəyərində kokain aşkarlandı

İtaliya hüquq-mühafizə orqanları Ekvadordan gətirilən banan konteynerində gizlədilmiş təxminən 770 kiloqram kokain müsadirə ediblər. İstintaqın qiymətləndirməsinə görə, narkotik partiyasının qara bazardakı dəyəri 250 milyon avroya (təxminən 290 milyon ABŞ dolları) çata bilərdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Böyük həcmdə narkotik Vado-Liqure limanında aşkar edilib. İtaliyanın Maliyyə Polisi yoxlama zamanı bananla dolu soyuducu konteynerin içərisində xüsusi şəkildə gizlədilmiş 650 bağlama aşkar edib.

Ekspres analiz nəticəsində müsadirə edilən maddənin yüksək təmizlik dərəcəsinə malik kokain olduğu təsdiqlənib.

Rəsmilərin bildirdiyinə görə, bu əməliyyat son illərdə həmin limanda həyata keçirilən ən iri antinarkotik əməliyyatlardan biri hesab olunur.

İstintaqın məlumatına əsasən, konteyner Cənubi Amerika ilə İtaliya arasındakı ticarət marşrutlarının təhlili nəticəsində müəyyən edilib.

Vado-Liqure limanı Avropaya malların çatdırılması üçün mühüm qovşaqlardan biri sayılır və beynəlxalq narkotik kartellərinin fəaliyyət istiqamətlərindən biri kimi hüquq-mühafizə orqanlarının daim diqqət mərkəzindədir.

Polis bildirib ki, bu cür əməliyyatlar beynəlxalq narkotik ticarətinə qarşı genişmiqyaslı mübarizənin tərkib hissəsidir və qadağan olunmuş maddələrin Avropa ölkələrinə çatdırılmasının qarşısını almağa yönəlib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->