Avstraliyanın baş naziri Entoni Albanisin yaponiyalı həmkarı Sanae Takaçinin hədiyyə etdiyi iki yemişlə bağlı etdiyi və ədəbsiz hesab olunan zarafat ölkədə etirazlara səbəb olub.
Qaynarifno xəbər verir ki, cinsi məna daşıdığı iddia edilən ifadələrdən sonra müxalifət baş naziri üzr istəməyə çağırıb. Albanis isə bu çağırışları rədd edib.
Avstraliyanın baş naziri Entoni Albanisin “Bush Deep” podkastında səsləndirdiyi fikirlər ölkədə geniş müzakirələrə səbəb olub. Baş nazir may ayında Yaponiyanın baş naziri Sanae Takaçinin Avstraliyaya səfəri zamanı ona hədiyyə etdiyi iki yemiş barədə danışıb.
Nikki Osborne ilə söhbəti zamanı Avstraliya lideri əllərini sinə səviyyəsinə qaldıraraq “Yaponiya baş naziri yemiş gətirdi” deyib. Daha sonra əl hərəkətlərini davam etdirərək “bir cüt yemiş gətirdi” ifadəsini işlədib.
Aparıcı isə buna cavab olaraq “İki dənə gətirdi? Yəni Pamela Anderson kimi içəri girdi...” deyə bildirib.
Albanis cinsi eyhamda ittiham olunub və açıqlamaları ədəbsiz hesab edilərək müxalifətin və medianın tənqidinə səbəb olub.
Parlamentdə sual-cavab sessiyası zamanı müxalifət Albanisdən açıqlamalarına görə üzr istəyib-istəməyəcəyini soruşub. Liberal Partiyanın deputatı Meri Aldred onun fikirlərini “səviyyəsiz” və “hörmətsiz” adlandırıb.
Albanis isə üzr istəmək çağırışını rədd edib və iki ölkə arasındakı iqtisadi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Məsələ son bir aydır Avstraliya mediasında vaxtaşırı müzakirə olunurdu. Lakin “The Australian” qəzetinin bazar ertəsi Yaponiyanın keçmiş səfiri Şinqo Yamaqamin Albanisin Takaçini “təhqir etdiyini” iddia etdiyi köşə yazısını dərc etməsindən sonra məsələ yenidən siyasi gündəmə gəlib.
“The Australian”ın məlumatına görə, Yaponiya hökuməti podkastın yayımlanmasından bir neçə gün sonra, iyul ayında Avstraliyaya diplomatik nota göndərib. Notada “Avstraliya mediasında yayılan sensasion xəbərlərə” diqqət çəkilib və Albanisin açıqlamasında hər hansı “pis niyyət” müəyyən edilmədiyi bildirilib.
Aydın
Şərhlər