Dünya 19:10 27.02.2024

"Bu, İrəvan üçün heç də yaxşı nəticə verməyəcək" - Ekspert

"Ukrayna müharibəsi fonunda Rusiya Ermənistanın şıltaqlığına son ana qədər dözəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya prezidentinin sözçüsü Peskovun Kremlin İrəvanın KTMT-də iştirakı ilə bağlı mövqeyini tam aydınlaşdırmaq niyyətində olduğu barədə fikirlərini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, İrəvanın KTMT-də iştirakını dondurduğunu bəyan etməsindən sonra Rusiya-Ermənistan münasibətlərində gərginliyinin yeni mərhələsi başlayacaq:

"Rusiya Ermənistanın bu özfəaliyyətini sakit qarşılayamayacaq. Təbii ki, Rusiya bu məsələni tam aydınlaşdıracaq. Ermənistanın fikrinin nə olduğunu birbaşa özlərindən soruşacaqlar. Ola bilsin bu zaman Ermənistan Kremli qane edə biləcək hansısa gizli məqamları onun diqqətinə çatdıracaq ki, bu da Rusiyanı müvəqqəti də olsa qane edəcək. Nəticədə, hələlik Rusiya bu məsələnin üstünə ciddi getməyəcək".
 


Ekspert hesab edir ki, gizli məqamların detallarını heç kəs bilinmir, amma Ermənistanın Rusiyanın oyununu oynadığı ehtimalı həmişə müzakirə predmeti olub:

"Rusiya Ermənistandan Qərbin sanksiyalari müstəvisində istifadə edib. Rusiya Ermənistandan özünü Qərbin yanında olurmuş kimi göstərməyi istəyə bilər".

Azər Qasımov qeyd edib ki, Ermənistan həqiqətən də Rusiyadan və KTMT-dən uzaqlaşmaq yolu seçibsə, bu, İrəvan üçün heç də yaxşı nəticə verməyəcək: 

"Təbii ki, Rusiya Ermənistanı bu tezliklə cəzalandırmayacaq. Ukrayna müharibəsi fonunda belə davranış Rusiyanın əleyhinə, Qərbin işinə yarayar. Hesab edirəm ki, Rusiya bu durumda son ana kimi gözləyəcək. Əslində, hər kəs məsələnin necə bitəcəyini gözləyir. Rusiya-Ukrayna müharibəsinin sonu hər kəsin fikrini qətiləşdirməsi üçün göstərici olacaq".

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Kremlin Ermənistanın KTMT-də iştirakı ilə bağlı mövqeyini tam aydınlaşdırmaq niyyətində olduğunu söyləyib. O bildirib ki, təşkilatın nizamnaməsində "dondurulmuş üzvlük" statusu nəzərdə tutulmayıb. Peskov Nikol Paşinyanın KTMT-yə üzvlüyün dondurulması ilə bağlı bəyanatından sonra Ermənistanın təşkilatın fəaliyyətində gələcək iştirakı ilə bağlı hələ ki, aydınlığın olmadığını qeyd edib: 

"Erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz bunu aydınlaşdıracağıq. Müvafiq sənədlərə əsasən, KTMT proqramında de-yure rejim (dondurulmuş üzvlük) yoxdur. Müzakirə edəcəyik, aydınlaşdıracağıq".

Rüfət Sultan