"Şükürbəyli”, "Hadrut” və "Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kilovoltluq, 2x1600 kilovatt gücündə yeni "Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Hadruta səfər edən jurnalistlərə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, "Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq: "Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq".
Xocavənd rayonun Hadrut qəsəbəsində tikintisi davam edən "Hadrut” qovşaq yarımstansiyasının təməli 2021-ci il oktyabrın 9-da qoyulub.
Şərhlər