Arktikada buzlaqların əriməsi son illərdə xeyli zəifləyib. Alimlər qeyd edirlər ki, hazırda bu proses son 45 ilin orta göstəriciləri ilə müqayisədə iki dəfə yavaşıyıb.
Qaynarinfo xəbər verir ki, barədə "The Washington Post" yazıb.
Mütəxəssislərin sözlərinə görə, 1979-cu ildən aparılan müşahidələrə əsasən, arktik dəniz buz örtüyü əvvəlki illərlə müqayisədə son dövrdə ən azı iki dəfə ləng sürətlə azalır. Alimlərin fikrincə, bu uzunmüddətli tendensiya deyil, planetin təbii iqlim dövrlərinin təsirindən qaynaqlanır.
Araşdırmanın aparıcı müəllifi Mark İnqlend bildirib ki, son illərdə təbii iqlim prosesləri Arktika ətrafındakı suların nisbətən sərinləşməsinə şərait yaradıb. "Bu, nadir hadisə deyil. İqlim sisteminin inkişafında təbii olaraq gözlənilən bir prosesdir", deyə o vurğulayıb.
Tədqiqatçılar hesab edirlər ki, buzlaqların ərimə tempindəki bu zəifləmə daha beş il (50 faiz ehtimalla) və ya on il (25 faiz ehtimalla) davam edə bilər.
Alimlər bunun qlobal istiləşmənin zəifləməsi kimi qəbul edilməməli olduğunu bildirirlər. Çünki müxtəlif göstəricilər planetin isinməsini davam etdirdiyini təsdiqləyir. Əgər istiləşmə dayanmış olsaydı, Arktikada buzlaqların kütləsi artmağa başlayardı, halbuki hazırda sadəcə ərimənin sürəti zəifləyib.
"Qlobal temperatur göstəricilərinə nəzər salsaq, onların zəiflədiyini görmürük. Hazırda mübahisə yalnız temperaturun sürətlənib-sürətlənməməsi üzərində gedir", deyə İnqlend əlavə edib.
Aydın
Şərhlər