Xəbər lenti

COVID-19-da yeni təhlükə: Frankenştayn ştammı nədir?
Sağlamlıq 17:46 07.10.2025

COVID-19-da yeni təhlükə: Frankenştayn ştammı nədir?

Son günlər dünya miqyasında COVID-19-un yeni alt növü olan frankenştayn ştammı gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, bu variant xüsusilə qış ayları ərəfəsində yoluxma sayında artıma səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, ştammın yüksək yoluxduruculuğu və fərqli simptomlarla müşayiət olunması cəmiyyətdə narahatlıq yaradıb.

Frankenştayn ştammı nədir?

Frankenştayn ştammı bir neçə COVID-19 alt növünün birləşməsi nəticəsində yaranan hibrid virus kimi təsvir olunur. Bu xüsusiyyət virusun immun sistemini daha asan aldatmasına və mövcud immuniteti qismən aşa bilməsinə imkan verir. Mütəxəssislərin sözlərinə görə, adının frankenştayn kimi tanınması da fərqli mutasiyaların bir araya gəlməsindən qaynaqlanır.

Simptomlar klassik COVID-19-dan fərqlidirmi?

Bu ştammda ən çox müşahidə olunan əlamətlər boğaz ağrısı, burun axması, baş ağrısı və yorğunluqdur. Bəzi hallarda dad və qoxu itkisi daha az müşahidə olunur, əvəzində isə ürəkbulanma və həzm sistemi pozğunluqları ön plana çıxır.

İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Dr. Deniz Dazkır bildirib: "Bəzi şəxslər sadəcə yüngül qripə bənzər simptomlar və ya halsızlıq hissi keçirir. Bu səbəbdən test aparılmadıqda, xəstəliyin COVID-19 olduğu başa düşülməyə bilər. Bu hal, virusun yayılma riskini artırır".

Risk qrupları üçün təhlükə daha böyükdür

İmmuniteti zəif olan şəxslər, yaşlılar və xroniki xəstələr frankenştayn ştammından daha çox təsirlənə bilər. Deniz Dazkır deyib: "Risk qruplarında xəstəliyin ağır keçmə ehtimalı yüksəkdir. Buna görə maska və gigiyena qaydalarına riayət etmək çox vacibdir".

Peyvəndin qoruyuculuğu nə vəziyyətdədir?

Frankenştayn ştammının mövcud peyvəndlərin qoruyuculuğunu müəyyən dərəcədə aşa bildiyi, lakin ağır xəstəlik və ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığı qeyd olunur. "Peyvəndlərin tamamilə təsirsiz olduğu düşüncəsi yanlışdır. Yenilənmiş peyvəndlərin bu ştamma qarşı daha güclü qoruma təmin etdiyi bilinir", deyə Dr. Dazkır vurğulayıb. 

Onun sözlərinə görə, müxtəlif alt növlərin genetik xüsusiyyətlərini daşıyan bu ştammın immun sistemindən yayınma ehtimalı daha yüksəkdir və yoluxduruculuğu artmış ola bilər.

Toplu nəqliyyat vasitələrində, qapalı və izdihamlı məkanlarda maskadan istifadə yenidən tövsiyə olunur. Əllərin təmizliyinə diqqət yetirmək və xəstəlik əlamətləri olduqda kütlədən uzaq durmaq, yoluxma zəncirini qırmaq baxımından mühüm sayılır. Mütəxəssislər bildirirlər ki, bu qaydalar yalnız COVID-19-a deyil, həm də qrip, RSV və digər tənəffüs yolu infeksiyalarına qarşı qoruyucu təsir göstərir.

Dr. Deniz Dazkır xəbərdarlıq edib: "Frankenştayn ştammı digər variantlardan fərqli görünsə də, qorunma üsulları dəyişməyib. Maska, gigiyena, sosial məsafə və yenilənmiş peyvəndlər hələ də ən təsirli vasitələr sırasındadır".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->