Xəbər lenti

Dünya 09:27 04.02.2025

"Dünyada cəhənnəmi yaşayıram" - Anasını, qızını və nəvəsini eyni hücumda itirdi

Rusiyanın Ukraynanın şərqini işğal etməsi ilə başlayan müharibə üçüncü ilinə yaxınlaşır. Bu müddət ərzində hər iki tərəfdən yüz minlərlə əsgər həyatını itirib. Ancaq müharibənin qurbanları yalnız əsgərlərlə məhdudlaşmır. Bunu ən yaxşı bilənlərdən biri də anası, qızı və nəvəsi Rusiya bombasının qurbanına çevirilən Yuliya Taraseviçdir.

Üç nəsil eyni məzarda

Qayanrinfo xəbər verir ki, Ukraynanın cənubunda, müharibənin üç ildir davam etdiyi Zaporojye şəhərində yerləşən bir qəbiristanlıqda hələ 17 aylıq olarkən həyatını itirən Adam Buhayovun məzarı kiçik və böyük oyuncaqlarla əhatə olunub. Onun məzarının yanında anası Sofiya Buhayova (27) və nənəsi Tatyana Taraseviç (68) yatır.

Sofiya, Tatyana və Adam 7 noyabr 2024-cü ildə Rusiyanın həyata keçirdiyi hava hücumu zamanı həyatlarını itiriblər. Ailənin son saatları Tatyananın mobil telefonu ilə çəkdiyi bir videoda əks olunub. Görüntülərdə Adam qırmızı gödəkçəsi və yun papağı ilə qaçaraq oynayır, Tatyana isə ona "Papağını çıxarma, üşüyərsən" deyir.

"Dünyada cəhənnəmi yaşayıram"

Bu videonun çəkilməsindən cəmi bir saat sonra ailə evlərinə qayıdaraq yemək yeməyə hazırlaşarkən Rusiya ordusuna məxsus idarəolunan hava bombası onların yaşadığı binaya düşüb. Binanın tamamilə dağıldığı hücumda Adam, Sofiya və Tatyana ilə yanaşı, daha altı mülki şəxs həyatını itirib.

Sofiyanın anası, 46 yaşlı Yuliya Taraseviç BBC-yə verdiyi açıqlamada ailəsinin həm keçmişini, həm də gələcəyini bir anda itirdiyini bildirib: "Necə yaşayacağımı bilmirəm. Dünyada cəhənnəmi yaşayıram. Bir saniyə içində anamı, qızımı və nəvəmi itirdim. Onlara ən çox yaxınlaşa bildiyim yer bu qəbiristanlıqdır".

Sofiyanın atası, 60 yaşlı Sergey Luşçay da həyat yoldaşının ağrısını paylaşdığını deyib. Bir həkim olan Yuliya isə tez-tez qəbiristanlığı ziyarət etdiklərini və bunu ömürləri yetdiyi qədər davam etdirəcəklərini bildirib: "Çünki buraya gəlmək ağrımızı bir qədər də olsa yüngülləşdirir".



Qəbiristanlıq sürətlə genişlənir

Yuliya qəbiristanlığa hər səfərlərində yeni məzarların əlavə olunduğunu vurğulayaraq deyib: "Qəbiristanlıq inanılmaz sürətlə genişlənir. Çox sayda məzarın üzərində Ukrayna bayrağı var və bu məzarların əksəriyyəti müharibədə həlak olan əsgərlərə məxsusdur".

Zaporojye şəhəri müharibənin ilk günlərindən bəri Rusiya ordusunun hədəfindədir. Strateji əhəmiyyətə malik olan bu sənaye şəhəri Avropanın ən böyük atom elektrik stansiyasına yaxın yerləşir və hazırda həmin stansiya Rusiya qüvvələrinin nəzarətindədir.

"Yol boyunca dua etdim, amma…"

Yuliya həmin gün işgüzar səfərdə olduğu üçün qızına zəng edərək ehtiyatlı olmasını tapşırıb. "Səhər saatlarından etibarən şəhərə bombalar düşməyə başlamışdı", deyə o bildirib. Sofiya isə anasına "Sağ ol, ana, narahat olma. Bizə heç nə olmayacaq" cavabını verib.

Sergey isə hücum baş verəndə işdə olduğunu və qızına zəng etsə də, ona çata bilmədiyini deyib. Daha sonra yaşadıqları məhəllənin "WhatsApp" qrupunda "Dostlar, dağıntılar altında qalan varmı?" mesajını oxuyanda beynindən vurulmuş kimi hiss etdiyini bildirib. O, tələsik evə yollanıb və bütün yol boyu dua edib: "Dualarım qəbul olmadı. Evə çatanda tək gördüyüm şey dağıntılar idi".

Sonrakı günlərdə dağıntılar altından yalnız bir neçə əşya tapılıb: Sofiyaya aid bir fincan, Adamın vanna otağında oynadığı plastik balıq və onun qırmızı gödəkçəsi. Yuliya və Sergey bu əşyaların onlar üçün ailələrinin ən dəyərli xatirələrinə çevrildiyini deyib.

"Hər axşam işdən evə qayıdanda Adamı gəzməyə aparırdım. O, göy üzünə çox maraq göstərirdi. Kiçik barmağını havaya qaldırıb suallar verirdi. Biz də ona bildiklərimizi danışırdıq. Quşları çox sevirdi", deyə Sergey xatırlayır.

Yuliya isə əlavə edib: "Adam danışmağa başlamışdı. Həmişə gülümsəyən bir uşaq idi. Sağlam, gözəl, ağıllı idi. O və qızım bizi həmişə çox xoşbəxt edirdilər".



"Mülki insanların da öldüyünü xatırlamalarını istəyirəm"

Yuliya Ukraynanın gec-tez Rusiya ilə danışıqlar masasına oturmaq məcburiyyətində qalacağını anlayır. ABŞ prezidenti Donald Trampın Moskva və Kiyev arasında sülh danışıqlarını irəlilətmək üçün təzyiqlərini artırdığı bir vaxtda Yuliya və Sergey Ukraynanın döyüşməyə davam etməli olduğunu düşünür.

Yuliya: "Rusiya bizim torpaqlarımıza girən, evlərimizi və ailələrimizi dağıdan bir işğalçıdır. Ona görə də atəşkəs və ya sülh danışıqları haqda düşünmək mümkün deyil. Torpaqlarımızı Putinə buraxıb itkilərimizin qisasını almasaq, heç vaxt qalib gələ bilmərik".

Sergey də Rusiya ilə yeganə ünsiyyət yolunun döyüş meydanı olduğunu bildirib.

Ukraynada bir çoxları hesab edir ki, sülh razılaşması olsa belə, Rusiya nə vaxtsa yenidən hücuma keçəcək. 2014-cü ildə Krımın ilhaqından 8 il sonra Moskva yenidən Ukraynaya hücum edib və hazırda Ukrayna ərazisinin təxminən beşdə biri Rusiya qüvvələrinin nəzarətindədir.

Yuliya müharibənin dünyanın diqqətindən tədricən düşməsinin təbii olduğunu deyir: "İnsanlar yalnız bizi düşünərək stress içində yaşaya bilməzlər. Amma yenə də haradasa bir müharibənin davam etdiyini və yalnız əsgərlərin deyil, mülki insanların da öldüyünü xatırlamalarını istəyirəm".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->