"Yayılan bu məlumat dünyanın yaxın gələcək üçün daha dəhşətli bir müharibə astanasında olduğunun mesajıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Böyük Britaniyanın silah istehsalını artırmaq üçün 6 yeni silah zavodu tikmək niyyətini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, İngiltərədə silah zavodları tikilməsilə bağlı məlumatların tirajlanması ilk növbədə Rusiyaya yönəlik xəbərdarlıqdır:
"Çünki Rusiya Ukrayna məsələsində ABŞ-ı neytrallaşdırdığını zənn etdiyindən, Avropaya qarşı daha aqressiv və saymazyana rəftar etməyə başlayıb. Bunun da açıq cizgilərini Avropa dövlətləri və strukturlarını Ukrayna üzrə danışıqlardan kənarlaşdırmaqla bağlı Kremlin ortaya qoyduğu mövqedə görə bilərik".
Həmsöhbətimiz düşünür ki, Böyük Britaniyanın yeni silah zavodları inşa etməsi həmçinin üçüncü dünya müharibəsi kimi xarakterizə ediləcək hərbi münaqişələrin baş verməsi ərəfəsində özünün və müttəfiqlərinin təhlükəsizliyini dəstəkləmək məqsədilə öncədən atılmış addımdır:
"Hər halda belə bir məlumatın yayılmasını dünyanın yaxın gələcək üçün daha dəhşətli bir müharibə astanasında olduğunun mesajı kimi başa düşmək lazımdır. Təəssüf ki, dünya sürətlə üçüncü dünya müharibəsi deyilən növbəti qanlı-qadalı müharibəyə doğru sürüklənir".
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkəsinin yeni silah zavodları tikdiyini bəyan edib. Onun sözlərinə görə, ölkə öz hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcək qarşıdurmaya hazırdır: "Bu, həmçinin Moskvaya mesajdır. Hökumət altı yeni silah zavodunun tikintisi üçün 1,5 milyard funt-sterlinq ayıracaq".
Rüfət Sultan
Şərhlər