Dünya 16:05 02.07.2022

Ərdoğan hədələdi: Türkiyə veto qoya bilər? (ŞƏRH)

İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə "yaşıl işıq” yandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzun günündəki çıxışında sərt bəyanatla çıxış edib. Türkiyə lideri vurğulayb ki, bu məsələdə tərəflərdən hər hansı biri riyakarlıq nümayiş etdirsə, ilkin mövqeyimizə qayıdacağımıza heç kim şübhə etməməlidir. 

Qeyd edək ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi gündəmə gələn ilk dövrdə Ankara bu iki ölkənin terroru himayə etməsini əsas gətirməklə quruma üzvlüyünə veto qoyacağını bəyan etmişdi. Ancaq aparılan müzakirələrin nəticəsi olaraq razılıq əldə olundu. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson Madriddə bir araya gəliblər. Müzakirələrin nəticəsi olaraq imzalanan üçtərəfli anlaşma əsasında İsveç və Finlandiya Türkiyənin terrorçuluğa qarşı mübarizədə tələbələrini yerinə yetirmək üçün öhdəlik götürüb. Lakin hər iki ölkənin siyasi xadimlərinin verdikləri bəyanatlar problemin həll edilmədiyinin göstəricisidir.

Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən politoloq Fikrət Sadıxov bildirir ki, Ankaranın bu məsələdə qəti və prinsipial olacağına qətiyyən şübhə etmir: 



"Türkiyə alicənablıq nümayiş etdirərək, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Bu iki ölkə də öz növbəsində terrorçuları Türkiyəyə təhvil verəcəyinə və bu məsələdə Ankaranın yanında olacağını vəd etdi. Bundan sonra nələrin baş verəcəyi isə hələ də müəmmalıdır. Prosesin necə cərəyan edəcəyini zaman göstərəcək. Amma İsveç və Finlandiya vədə əməl etməsələr, təbii ki, Ankara ciddi reaksiya verərək, özünün qəti və prinsipial mövqeyini yenidən ortaya qoya bilər. Düzdür, həmin ölkələrin NATO-ya qəbulu fonunda veto hüququndan istifadə artıq çətin olacaq. Lakin vədə əməl edilmədiyi təqdirdə, həmin iki ölkəni qurumdan kənarlaşdırmağa təbii ki, Türkiyənin tam hüququ çatır”. 

Rüfət Sultan