Xəbər lenti

Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? (ŞƏRH)
Dünya 12:21 23.05.2025

Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? (ŞƏRH)

"Hesab edirəm ki, Qərbdən aldığı müasir silahlarla tam təmin edildikdən sonra Ermənistan yenidən KTMT çətiri altına qayıdacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Lavrovun İrəvana səfəri və Ermənistanla Rusiya arasında yenidən yaxınlaşmanın müşahidə edilməsi fonunda birincinin KTMT-də əvvəlki kimi aktıv fəaliyyətə qayıtması ehtimalını şərh edərkən deyib. 

Ekspert bildirir ki, Ermənistanın Rusiyaya qarşı fəaliyyətinin arxasında heç vaxt ondan uzaqlaşmaq istəyi dayanmayıb:

"Sadəcə, son Qarabağ müharibəsi dövründə Rusiyanın məcburi şəkildə müharibədən kənar dayanması Ermənistanın məğlubiyyətinə gətirib çıxardığı üçün indi İrəvan Moskvaya naz edir, guya ondan uzaqlaşmaq görüntüləri yaradır. Rusiya Ermənistanın bu şəkildə məğlub olacağını ehtimal etmirdi. Moskva hadisələrin belə gedişinə görə Ermənistan rəhbəri Paşinyanı günahlandırdı. İndi bu durumda Ermənistanın Rusiyadan incik düşməsinin heç bir əsası yoxdur".
 


Ekspertin fikrincə, Paşinyan sadəcə rus silahlarının əhəmiyyətsiz olduğunu gördüyü üçün KTMT-dən uzaqlaşmaq görüntüsü yaratmaqla xarici havadarlarından müasir silah-sursat almaq istəyirdi və əsasən də buna nail olub:

"Fransa, Hindistan ona bunda kömək edir. Məsələ ondadır ki, Fransa NATO üzvü kimi Ermənistana Rusiyanın yaratdığı bir təşkilatda ola-ola müasir silah verə bilməz, çünki rus kəşfiyyatının bu silahların parametrlərini oğurlamaq ehtimalı var. Türkiyəyə verilən S400-lə bağlı F35 qırıcılarının verilməməsi səbəbləri də bununla bağlı idi ki, təyyarələrin parametrləri ruslar tərəfindən oğurlana bilər. Fransa da Ermənistana yeni radio elektron mübarizə sistemləri göndərib. Hesab edirəm ki, artıq bu silahlar xaricdən təmin edildikdən sonra yenidən KTMT çətiri altına qayıtmaq olar. Erməni məkri hər zaman özünə sadiqdir".

Qeyd edək ki, mayın 2-21-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və orada səsləndirdiyi bəyanatlar fonunda bir sıra ekspertlər bunun İrəvanla Moskva arasında xeyli müddətdir yaşanan gərginliyin artıq zəiflədiyinə işarə olduğunu düşünürlər. Bu əsasda da bildirilir ki, İrəvan yenidən üzünü Moskvaya tərəf çevirməyə başlayıb. Belədə, onun yaxın gələcəkdə KTMT-dəki əvvəlki fəaliyyətini bərpa edəcəyi də istisna edilmir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->