Siyasət 13:22 31.03.2023

Fazil Mustafaya sui-qəsddə İran izi... - Partiya sədrlərinin münasibəti

Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Tehrandakı səfirliyimizdə törədilmiş terror aktından sonra İran Azərbaycana qarşı ikinci terror əməlini həyata keçirir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması da onu göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir.

Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib. Hadisə, İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günü baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir. 

Tarixdən də İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Buna misal kimi, akademik Ziya  Bünyadovun, jurnalist Rafiq Tağının qətlini göstərmək olar. Bakıda "Avroviziya” mahnı  müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, bu olayla bağlı araşdırma aparmaq hüquq-mühafizə orqanlarının işidir:



"Hazırda onlar hadisənin araşdırması ilə məşğuldurlar. Bu mənada indi bizim nəsə deməyimiz doğru olmaz. İstintaqın nəticələrini gözləyək. Biz sözügedən sui-qəsdin arxasında İran və yaxud digərinin dayandığı barədə yalnız ehtimal olaraq danışa bilərik”. 
 
Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə, İranpərəstlərin Fazil Mustafaya açıq-aşkar təhdidləri, onu qorxutmaları düşünməyə əsas verir ki, bu sui-qəsdin arxasında İrandakı hansısa dairələr dayanır:



"Hələlik istintaq orqanlarının rəsmi mövqe yoxdur. Ona görə də indi yalnız ehtimallara istinad etməklə nəsə deyə bilərik. Fazil Mustafa daha çox İrandakı fars rejimi əleyhinə danışıb. Tehranın Azərbaycan əleyhinə fəaliyyətini tənqid edib. Eyni zamanda, İranpərəstlərin Fazil Mustafaya açıq-aşkar təhdidləri, onu qorxutmaları düşünməyə əsas verir ki, bu sui-qəsdin arxasında İrandakı hansısa dairələr dayanır. Belə düşünməyə kifayət qədər əsaslar var. Onların rəsmi dövlət və ya hansısa qurumlardan ibarət olduğunu deyə bilmərik. İran rəsmiləri və bu ölkənin Bakıdakı səfirliyi hələlik söylənilən ehtimalları təkzib etməyib. Sanki hadisə onların da marağındadır. Belə olan halda sözügedən şübhələr ikiqat artır. İstintaqın nəticələrini gözləyək. Amma hər halda hamı hər şeyi bilir”. 

Rüfət Sultan