Qərbyönümlü Gürcüstanın eks-prezidenti Salome Zurabişvili ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində ölkəsini təmsil edib. Bu mərasimdə o, ABŞ-ın yeni təyin edilmiş dövlət katibi Marko Rubio ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Respublikaçı Konqresmen Co Uilson və Salome Zurabişvili "X" (Twitter) platformasında
paylaşıb.
Zurabişvili Co Uilsona "yüksək səviyyəli bütün təmasların təşkilində göstərdiyi dəstəyə və Gürcüstanın azadlıq uğrundakı mübarizəsinə verdiyi dəstəyə görə" təşəkkür edib.
Co Uilson isə öz növbəsində qərbyönümlü eks-prezidenti ABŞ-ın yeni dövlət katibi ilə tanış etdiyini bildirib.
"Bu gün vəzifəyə təyin olunması münasibətilə Marko Rubionu təbrik edirik. Gürcüstan bölgədə sabitlik, sülh və demokratiyanın təmin edilməsində sizin iştirakınıza ümid edir. Bölgədə Rusiya və Çin maraqlarının qarşısı alınmalıdır", - Zurabişvili qeyd edib.
Məlumdur ki, yeni ABŞ prezidentinin andiçmə mərasiminə məhz Respublikaçı Konqresmen Co Uilson Salome Zurabişvilini dəvət etmişdi. Bu dəvət 27 dekabrda, Gürcüstanın Qərb əleyhinə "prezidenti" Mixeil Kavelaşvilinin andiçməsindən iki gün əvvəl olub.
20 yanvar, bazar ertəsi günü, ABŞ Senatı yekdilliklə Respublikaçı senator Marko Rubionu Prezident Trampın dövlət katibi vəzifəsinə təsdiqləyib.
53 yaşlı Rubio Çinin kəskin tənqidçisi və İsrailin tərəfdarı kimi tanınır. Kuba mənşəli immiqrantın oğlu olan Rubio həmçinin komunistlərin idarə etdiyi ada və onun müttəfiqləri, xüsusən Venesuela Prezidenti Nikolas Maduronun hökuməti əleyhinə sərt tədbirlərin tərəfdarıdır.
Alpər
Şərhlər