Şimal Atlantikada yerləşən Sarqasso dənizində çoxkilometrlik tullantı adası yaranıb. Alimlər bildirirlər ki, bu unikal su hövzəsi qlobal istiləşmə ilə bağlı mənfi dəyişikliklərin ilk göstəricisinə çevrilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb.
Mütəxəssislər qeyd edirlər ki, dənizin qapalı quruluşu onu çirklənmə üçün maqnitə çevirib. Dənizi əhatə edən axınlar üzən tullantıları saxlayır və nəticədə yüzlərlə kilometrə uzanan Şimali Atlantik tullantı adası formalaşıb.
Aparılan son tədqiqat göstərib ki, Sarqasso dənizi 1954-cü ildən bəri aparılan ölçmələrdə heç vaxt olmadığı qədər isti, duzlu və turşudur. Araşdırmaya rəhbərlik edən okean kimyaçısı Nikolas Beyts bildirib ki, okean milyon illər ərzində ən isti vəziyyətindədir. Onun sözlərinə görə, bu hal qlobal hava sistemlərində ciddi pozuntulara yol aça bilər.
Dəyişikliklərin təsirləri artıq Sarqasso boğazından kənarda da hiss olunur. Sarqassum yosunlarının böyük kütlələri tez-tez Şimali Amerikanın və Karib hövzəsinin sahillərinə çıxır, çimərlikləri çirkləndirir və sahil icmalarında narahatlıq yaradır. Alimlər xəbərdarlıq edirlər ki, dəniz temperaturunun artması və axınların dəyişməsi ilə bu yosunlar öz doğma dənizindən çox uzaqlarda da sabit şəkildə yayıla bilər.
Məqalədə qeyd olunur ki, əvvəllər "okeanın ortasında göl" kimi təsvir edilən Sarqasso dənizi indi planetin okeanları üçün erkən xəbərdarlıq sistemi rolunu oynayır və qlobal nəticələr doğura biləcək dəyişikliklər nümayiş etdirir.
Sarqasso dənizi Şimal Atlantikanın ortasında, heç bir qitə və ya adaya bağlı olmadan yerləşir. Onun sərhədləri sahil xətləri ilə deyil, okean axınlarının dövrəvi hərəkəti ilə müəyyən olunur. Adını səthini örtən üzən sargassum yosun xalçalarından alıb. Dörd əsas axın – Şimali Atlantik, Kanar, Şimali Atlantik ekvatorial və Antil axınları dənizi əhatə edir.
Sarqasso dənizi ekoloji baxımdan mühüm əhəmiyyətə malikdir. Səthdə üzən yosunlar dəniz həyatının müxtəlifliyini dəstəkləyir, balaca dəniz tısbağalarından tutmuş köpəkbalıqlarına qədər çoxsaylı canlılara sığınacaq və qida mənbəyi yaradır.
Onun qorunması üçün yaradılmış Sarqasso dənizi komissiyası vurğulayır ki, bu bölgə nəsli kəsilmə təhlükəsində olan dəniz populyasiyalarının saxlanılmasında həlledici rol oynayır.
Aydın
Şərhlər