ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynada münaqişədə ənənəvi qələbənin olmayacağını bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Ukrayna düşmənə qarşı mərdliklə vuruşub, amma qalib gəlməyəcək.
"Əgər siz II Dünya müharibəsində qazandığınız kimi qalib gəlmək barədə düşünürsünüzsə, yəqin ki, bu baş verməyəcək", deyə Kelloq qeyd edib.
Ukraynadakı nizamlanmaya gəlincə, o, "qanaxmanın dayandırılması və sonra müalicə edilməsi” və həmçinin sülh planı üzərində diqqətlə düşünməyə çağırıb.
Fevralın 12-də Tramp və Rusiya prezidenti Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib və liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini də bildirib. Putin də öz növbəsində amerikalı siyasətçini Moskvaya dəvət edib.
Bu söhbətdən sonra Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib. Onunla söhbət, ABŞ liderinin fikrincə, yaxşı keçib. Zelenski qeyd edib ki, Ukrayna hamıdan çox sülh istəyir. Tramp tərəflərin yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gələ biləcəklərinə əminliyini ifadə edib.
Bundan əvvəl Kelloqq bildirmişdi ki, Rusiya Ukraynada sülh üçün ərazini verməli olacaq.
Aydın
Şərhlər