Dünya 17:00 24.11.2023

"Kreml İrəvanı cəzalandıracaq" - Politoloq

"Moskva KTMT tədbirlərinə qatılmayan Ermənistanın qazını, neftini kəsə, onunla ticari əlaqələri minimuma endirə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli KTMT-də qurumun iclaslarını boykot edən Ermənistanla gələcək davranışların müzakirə edilə biləcəyilə bağlı Rusiya prezidentinin mətbuat katibi Peskovun fikirlərini şərh edərkən deyib.
 
Politoloq bildirib ki, Ermənistan KTMT-nin iclaslarına bundan sonra qatılmayacağı təqdirdə qurum yəqin ki, İrəvanın məsələsinə baxmalı olacaq:



"Peskovun açıqlaması da bu mənada ona işarədir. Ermənistanın bu sayaq demarşı davam edəcəyi təqdirdə yəqin ki, onu qurumdan xaric edəcəklər. Bununla da məsələ bitəcək. Rusiya üçün belə şeylər adi haldır. Amma indiki mərhələdə Ermənistanın KTMT-dən xaric edilməsi elə də inandırıcı görünmür. Bunun əvəzində İrəvanın boykot addımına cavab olaraq Rusiya ona verilən qazı, nefti kəsə və ya qiymətləri qaldıra bilər. Habelə, qarşılıqlı ticarət əlaqələri də minimuma enə bilər. Fikrimcə, indiki mərhələdə bundan o yana getməyəcəklər və sadaladığım cəza növlərini tətbiq etməklə kifayətlənəcəklər”. 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İrəvanın KTMT-nin son tədbirlərində iştirak etməməsi fonunda onun cəzalandırıla biləcəyinin anonsunu verib. Belə ki, Peskov mətbuata açıqlamasında KTMT liderlərinin növbəti sammitində çox yəqin "erməni faktorunu" müzakirə edəcəyi və onunla gələcəkdə necə davranmağı fikirləşəcəklərini deyib. 

Rüfət Sultan