Dünya 18:53 24.11.2023

KTMT İrəvana hansı formada təzyiq edə bilər? - Ekspert

"İrəvan İmanqali Tasmaqambetovu əliboş yola salacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Minsk sammitindən sonra KTMT baş katibi İmanqali Tasmaqambetov İrəvana edəcəyi səfər barədə danışarkən edərkən deyib.

Ekspert hesab edir ki, Ermənistan yaxın zamanlarda KTMT tədbirlərində iştirak etməyəcək:
 


"Bununla yanaşı, İrəvan həmin qurumda qəbul olunan sənədləri ratifikasiya etməkdən də yayınacaq. KTMT ciddi bir qurum deyil. Təşkilatın maliyyəsinin 90 faizini Rusiya verir. Qurumun hərbi qulluqçuları da əksəriyyətlə rus əsgərləridir. İrəvanın bu təşkilatdan çıxmaqla bağlı planları olsa da, hələlik bu istiqamətdə qəti addımlar atmır. Çünki bu addımın reallaşmasına hələlik maneə olan məqamlar var. Söhbət Ermənistan ərazisində rus hərbi bazasının olmasından gedir. İrəvan bundan  sonra keçiriləcək tədbirlərə də qatılmayacaq. Eyni zamanda, KTMT baş katibi İmanqali Tasmaqambetovu da əliboş yola salacaqlar. Amma bu hər hansı bir ciddi problem də gətirməyəcək. Çünki KTMT subardinasiya qaydaları ciddi şəkildə qorunan qurum deyil”. 

Qeyd edək ki, Minsk sammitindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovun İrəvana səfər edəcəyi gözlənilir. O, sözügedən sammitdə qəbul edilən sənədləri imzalanması üçün Ermənistan tərəfinə təqdim edəcək. 

Rüfət Sultan