Litvada fevralın 12-dən etibarən Seym əməkdaşlarına iş cihazlarında Çin istehsalı olan "DeepSeek" çat-botundan istifadə qadağan olunub.
Qaynarinfo xəbər verir ki, bu məlumatı Seymin kansleri Alqirdas Stonçaytis təsdiqləyib. Onun sözlərini LRT
yayıb.
Stonçaytis bildirib ki, Seym dəftərxanasının verdiyi avadanlıqlarda "DeepSeek"dən istifadəni qadağan edən sərəncam imzalayıb.
"Bu, Seym dəftərxanasının bütün əməkdaşlarına, o cümlədən deputatların müşavirlərinə şamil edilir", – deyə kansler vurğulayıb.
Onun sözlərinə görə, Çin süni intellekt proqramları tərəfindən yaradılan potensial məlumat təhlükəsizliyi risklərindən qorunmaq üçün bu məhdudiyyətlər tətbiq edilib.
"Biz sadəcə profilaktik tədbirlər görürük ki, belə hallar baş verməsin, çünki "DeepSeek"i potensial təhlükə kimi qiymətləndiririk", – deyə Stonçaytis əlavə edib.
Seym kanslerinin sözlərinə görə, qadağa deputatlara şamil olunmur. "DeepSeek"in deputatlara da qadağan edilməsi üçün kollegiya qərarı lazımdır.
Eyni zamanda, əməkdaşlar şəxsi cihazlarında bu tətbiqdən istifadə edə bilərlər.
Bundan əlavə, Litva hökuməti strateji təşkilatlara və dövlət qurumlarına Çin çat-botu "DeepSeek"ə girişin qadağan olunmasını nəzərdən keçirir.
Digər tərəfdən, İtaliya hakimiyyəti artıq "DeepSeek"in İtaliya istifadəçilərinin məlumatlarını emal etməsinə məhdudiyyətlər tətbiq etməyi əmr edib.
Sonradan Niderland məxfilik nəzarəti agentliyi Çin süni intellekt şirkəti "DeepSeek"in məlumat toplama təcrübələrini araşdıracağını elan edib.
Alpər
Şərhlər