Xəbər lenti

Makron Trampı inandıra bildimi? (ŞƏRH)
Dünya 14:14 25.02.2025

Makron Trampı inandıra bildimi? (ŞƏRH)

"Emmanuel Makronla Kir Starmerin Donald Trampı Rusiya ilə danışıqlardan imtinaya sövq etmək təşəbbüsləri havada qalacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Fərhad Məmmədov Fransa prezidenti Emanuel Makronla Böyük Britaniya baş naziri Kir Starmerin ABŞ lideri Donald Trampla görüşərək, onu Rusiya ilə danışıqlardan imtina etməyə inandırmağa çalışacaqları məsələsini şərh edərkən deyib.
 
Fərhad Məmmədovun fikrincə, Avropa liderlərinin bu təşəbbüsü "köhnə qitə"nin hələ də hansısa bir subyekt rolunda çıxış etməyə yönəlik cəhddir: 

"Amma bu bir daha Avropanın ABŞ-dan nə qədər asılı vəziyyətdə olduğunu da göstərir. Avropa bu asılılığı öz üzərindən götürmək fikrində də deyil. Onlar nə qədər vahid ordu, strateji muxtariyyət haqqında danışsalar da, hazırda görürük ki, bunlar indilikdə özünü konkret əməllərdə göstərmir. Dünən BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Ukrayna ilə bağlı təqdim etdiyi qətnamə müzakirə edildi. Təhlükəsizlik Şurasında veto hüququna malik Fransa və Böyük Britaniya Vaşinqtonun təqdim etdiyi qətnaməni tənqid edərək, həqiqəti əks etdirmədiyini bəyan etdilər və qəbuledilməz olduğunu söylədilər. Sonda da onlar öz düzəlişlərini təklif etdilər. 
 


ABŞ bu düzəlişlərlə bağlı bitərəf mövqe tutdu, Rusiya ilə veto hüququndan istifadə etdi. Beləliklə, ABŞ-ın təqdim etdiyi qətnamə səsə qoyuldu və Vaşinqton, Moskva, Pekin də daxil 10 ölkənin dəstəyilə qətnamə qəbul olundu. Avropa ölkələri isə bitərəf qaldılar. Yəni Fransa ilə Böyük Britaniya veto hüququndan istifadə etmədi. Nəticədə son 3 ildə BMT TŞ-da Ukrayna ilə bağlı yeganə qətnamənin qəbul edilməsinin şahidi olduq. Bu addım onu göstərir ki, hazırkı durumda da onların Trampı Rusiya ilə danışıqlardan imtinaya sövq etmək təşəbbüsləri havada qalacaq. Rusiya ilə danışıqlarda ABŞ nə vaxt lazım bildiyi anda Avropa ölkələrinin də prosesə qoşulmasına müsbət yanaşacaq". 

Qeyd edək ki, "Times" qəzeti diplomatik mənbələrə istinadən yazdığına görə, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ lideri Donald Trampı Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək üçün Avropa öhdəlikləri müqabilində Ukrayna münaqişəsinin həllində Rusiya ilə danışıqlardan imtina etməyə inandırmağa çalışacaq. Mənbə bildirib ki, hər iki ölkənin lideri yanaşmalarını koordinasiya etmək və Trampın münaqişəyə son qoymaq planlarına təsir göstərməyə çalışmaq barədə razılığa gəlib. 

Xatırladaq ki, Makron artıq dünən Trampla görüşüb. Amma onun ABŞ prezidentini inandırıb-inandıra bilmədiyi hələlik bəlli deyil. Starmer isə cümə axşamı ABŞ-a səfər edəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->