Xəbər lenti

Minlərlə zəlzələnin səbəbi məlum oldu: Yüksələn maqma...
Dünya 14:04 26.09.2025

Minlərlə zəlzələnin səbəbi məlum oldu: Yüksələn maqma...

2025-ci ilin əvvəlində Yunanıstanın Santorini adası və ətrafında qeydə alınan 28 mindən çox zəlzələnin səbəbinin dərinliklərdən qalxan maqma olduğu üzə çıxıb.

Qayanrinfo xəbər verir ki, Almaniyadakı Helmholtz Geologiya Mərkəzi və GEOMAR Okean Araşdırmaları Mərkəzinin apardığı süni intellekt dəstəkli analizlər və dəniz dibi sensorları nəticəsində bölgədəki seysmik aktivlik ətraflı şəkildə xəritələndirilib. 

"Nature" jurnalında dərc olunan araşdırmaya görə, təxminən 300 milyon kubmetr magma yer qabığının dərinliklərindən qalxaraq dəniz dibinin 4 kilometr altına qədər çatıb. Bu prosesdə maqma ətrafdakı qayaları parçalayaraq minlərlə zəlzələni tətikləyib, onların ən güclüləri 5 balı ötüb. Tədqiqat həmçinin Santorini adasında kiçik bir yüksəlmənin, daha sonra isə çökmənin baş verdiyini göstərib. Bu isə iki vulkan arasında əvvəllər məlum olmayan hidravlik əlaqəyə işarə edib.

Mütəxəssislər nəhəng seysmik məlumatları işləmək üçün xüsusi süni intellekt metodu hazırlayıb. GEOMAR tərəfindən Kolumbo krateri ətrafına yerləşdirilən sensorlar həm seysmik siqnalları, həm də dəniz dibində 30 santimetrədək çökməni qeydə alıb. Beləliklə, maqmanın hərəkət vaxtı, istiqaməti və sürəti yüksək dəqiqliklə izlənilib.

GEOMAR-dan professor Haydrun Kopp deyib: "Bu nəticələr mütəmadi olaraq Yunanıstan qurumları ilə paylaşılır. Məqsədimiz mümkün yeni zəlzələlərdə ən sürətli və düzgün qiymətləndirməni təmin etməkdir".

Afina Universitetindən professor Paraskevi Nomiku isə bildirib: "Belə aktiv geoloji bölgədə prosesləri anlamaq, əhalinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır".

Santorini və Kolumbo ətrafında elmi müşahidələr davam etdirilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->