Təxminən 2 min il əvvəl, Roma imperiyası Britaniyanı hələ işğal etməmişkən qadınlar Dəmir dövrü cəmiyyətinin tam mərkəzində idi. Yeni genetik araşdırma həmin dövrdə qadınların həm sosial, həm də siyasi baxımdan böyük gücə sahib olduğunu göstərir.
Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, tədqiqatçılar Britaniyanın cənubunda birlikdə dəfn edilmiş təxminən 50 kelt britaniyalının DNT-sini analiz ediblər. Əldə edilən nəticələr bu cəmiyyətlərdə nəsil davamlılığının əsasən qadın xətti ilə keçdiyini ortaya qoyur. Araşdırmaya görə, Roma işğalından əvvəl və sonra yaşamış bu böyük qohum qrupunun 2/3-dən çoxu eyni qadın əcdada dayanır. Üstəlik, bu qrupda qohum olmayan fərdlərin 80 faizi kişilər olub.
Qadınlar evlilikdən sonra yaşayış yerini müəyyən edirdi
Dublindəki Triniti Kollecindən genetik alim Lara Kessidi bununla bağlı deyir: "Bu tapıntılar göstərir ki, evlilikdən sonra kişilər həyat yoldaşlarının cəmiyyətinə qoşulurdu və torpaq kimi mülklər qadınlar vasitəsilə miras qalırdı. Bu, Avropa tarixində ilk dəfə sənədləşdirilən bir sistemdir və qadınların sosial və siyasi gücə sahib olduğunu sübut edir".
Arxeoloq Dorsetdə Dəmir dövrünə aid bir skelet tapır
Araşdırmanın arxeoloji hissəsi Bornemut Universiteti, genetik araşdırmalar isə Trinit Kolleci tədqiqatçıları tərəfindən aparılıb. Kessidi və komandası Dorsetdəki tapıntıları digər Dəmir dövrü bölgələri ilə müqayisə etmək üçün Britaniya üzrə DNT bazalarını təhlil ediblər.
Qadınların gücü: Cəmiyyətdən döyüş meydanına
Tədqiqatçılar müxtəlif bölgələrdə də oxşar "matrilokal" (qadın xətti üzrə yerləşmə) icmaların izlərini aşkar ediblər. Məsələn, Yorkşirdəki bir qəbiristanlıqda 400 ildən çox davam edən güclü bir qadın nəslinin mövcudluğu müəyyən edilib.
Bununla belə, Kessidiyə görə, "matrilokal" bir cəmiyyət mütləq "matriarxal" (qadınların rəhbərlik etdiyi) bir sistem demək deyil. Bu cəmiyyətlərdə kişilər də hakimiyyət sahibi ola bilərdi. Buna baxmayaraq, qadınların mülk miras alma və boşanma hüququna sahib olması romalılar üçün olduqca qeyri-adi görünməli idi.
DNT nümunəsi götürülən gənc qadının məzarı. Bu qadın güzgü və Roma sikkə amulet də daxil olmaqla zinət əşyaları ilə dəfn edilib
DNT nümunəsi götürülən gənc bir qadının məzarı da bu sosial nüfuzu əks etdirir. O, güzgü və qadın arabası sürücüsünün qələbəsini simvolizə edən Roma sikkə talismanı da daxil olmaqla bəzək əşyaları ilə birlikdə dəfn olunmuşdu.
Arxeoloji tapıntılar kelt qadınlarının cəmiyyətdə yüksək statusa malik olduğunu və çox vaxt ən möhtəşəm məzarlara qoyulduğunu göstərir. Həmçinin, qadınların orduya rəhbərlik etdikləri də məlumdur. Məşhur döyüşçü kraliça Boudeka Romalılara qarşı üsyana başçılıq etmişdi. Boudekanın ordusu iki şəhəri dağıdaraq 80 min romalı və müttəfiqini məhv etmişdi.
Bornemut Universitetindən arxeoloq Mayls Rassel isə bildirir: "Romalılar britaniyalı qadınların azadlıqlarını şişirdərək bu cəmiyyəti barbar kimi göstərmək istəmiş ola bilərlər. Lakin arxeologiya və indi də genetik araşdırmalar göstərir ki, qadınlar Dəmir dövrü Britaniyasında bir çox sahələrdə təsir gücünə malik idilər".
Evrimsel antropoloq Quydo Alberto Qnekki-Ruskone isə tədqiqatın nəticələrini "inandırıcı" hesab edir. Onun fikrincə, kişilərin müxtəlif qruplar arasında hərəkət etdiyi "matrilokal" cəmiyyət quruluşu Britaniya boyunca geniş yayılmış və əsrlərlə davam etmişdi.
Aydın
Şərhlər