Okean səthinin temperaturunun rekord səviyyəyə yüksəlməsi nəticəsində Sakit okeanda misli görünməmiş atmosfer aktivliyi müşahidə olunur. Saatda yüzlərlə kilometr sürətlə hərəkət edən super tayfunlar açıq sularda irəliləyərkən, 2026-cı ilin müşahidə tarixinin ən fırtınalı illərindən biri olacağı ehtimal edilir.
Qaynarinfo xəbər verir ki, Sakit okeanda qeydə alınan rekord istilik ehtiyatı tropik fırtınaların qısa müddətdə güclənərək nəhəng tropik siklonlara çevrilməsi üçün əlverişli şərait yaradıb. ABŞ-ın Atlantik sahillərində nisbətən sakit hava şəraiti hökm sürsə də, Sakit okean hövzəsində atmosfer aktivliyi görünməmiş səviyyəyə çatıb.
Mütəxəssislərin fikrincə, bölgədə ard-arda formalaşan dağıdıcı tayfunlar 2026-cı ildə 5-ci kateqoriyalı tropik siklonların sayına görə yeni rekordun qeydə alınmasına səbəb ola bilər.
2026–2027-ci illəri əhatə edən El Nino hadisəsinin tarixdə ən güclü atmosfer proseslərindən birinə çevrilmək potensialı daşıdığı bildirilir. Bu proses nəticəsində okean sularının temperaturu uzunmüddətli orta göstəricidən təxminən 3,6 dərəcə Selsi yüksək olub. Bu göstərici 2015–2016-cı illərdə qeydə alınmış əvvəlki rekord El Nino dövrü ilə müqayisədə 0,8 dərəcə Selsi daha yüksəkdir.
Dəniz səthinin temperaturunun yüksəlməsi qlobal hava sistemlərinə ciddi təsir göstərir. ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) proqnozlarına əsasən, Mərkəzi və Şərqi Sakit okean hövzələrində normadan daha yüksək fırtına aktivliyi gözlənilirdi.
Hazırda açıq sularda müşahidə olunan ən güclü sistemlərdən biri "Dolphin” super tayfunudur. Şimal-qərbi Sakit okeanda həftə ərzində iki dəfə sürətlə güclənən tayfun ötən həftənin cümə axşamı yerli vaxtla küləyin sürətini saatda 270 kilometrə çatdıraraq 5-ci kateqoriya gücünə yüksəlib. Hazırda müəyyən qədər zəifləməsinə baxmayaraq, sistem hələ də super tayfun statusunu qoruyur və indiyədək quru ərazilər üçün birbaşa təhlükə yaratmır.
Eyni zamanda, bazar ertəsi 5-ci kateqoriyaya yüksələn "Genevieve” tropik siklonu tədricən zəifləyərək Meksikanın Sakit okean sahillərindən uzaqlaşır.
Bundan əvvəl isə Sakit okeanda 23 fevralda "Horacio” tropik siklonu, 12 apreldə "Sinlaku” super tayfunu və 5 iyulda "Bavi” super tayfunu 5-ci kateqoriya səviyyəsinə çatmışdı.
"Dolphin” 2026-cı ildə Şimal-qərbi Sakit okeanda qeydə alınan beşinci 5-ci kateqoriyalı tropik siklon olub. Mövcud dinamika 1997-ci ildə qeydə alınmış və ümumilikdə 12 belə tropik siklonla tarixə düşmüş illik rekordu geridə qoymaq potensialına malik hesab olunur.
Alimlər bildirirlər ki, El Nino hadisəsi Sakit okeanda şaquli külək kəsilməsini zəiflədərək tropik siklonların formalaşmasını sürətləndirir. Atlantik hövzəsində isə əksinə, tropik fırtınaların yaranmasını məhdudlaşdırır.
Passat küləkləri tropik siklonları ekvatordan qərbə doğru istiqamətləndirdiyi, həmçinin Kaliforniya cərəyanının soyuq suları onları zəiflətdiyi üçün Sakit okeanda yaranan qasırğalar adətən ABŞ-ın qərb sahillərinə çatmadan açıq okeanda gücünü itirir.
Mütəxəssislər hesab edirlər ki, okeanda müşahidə olunan bu qeyri-adi aktivlik El Ninonun qlobal hava sistemlərinə təsirinin miqyasını göstərir və 2026-cı ilin 5-ci kateqoriyalı tropik siklonların sayına görə rekord il ola biləcəyinə işarə edir.
Aydın
Şərhlər