Qırğızıstan prezidenti ölüm cəzasının bərpası barədə referendumun keçirilməsini istisna etməyib.
Qaynarinfo xəbər verir ki, ölüm cəzasının bərpasına dair qanun layihəsi ictimai səsverməyə çıxarıla bilər. Bu barədə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov dövlət agentliyi "Kabar"a müsahibəsində bildirib.
Prezident qeyd edib ki, Konstitusiyanın 25-ci maddəsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsi əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq:
"Bundan sonra Konstitusiya Məhkəməsi rəy verəcək. Qanun layihəsi referendum yolu ilə qəbul edilə bilər. Başqa sözlə, məsələ yalnız ümumxalq səsverməsi vasitəsilə həll olunacaq".
Sadır Japarov vurğulayıb ki, əgər əhalinin əksəriyyəti ölüm cəzasının bərpasını dəstəkləsə, Ali Şura beynəlxalq müqavilələrdən çıxmaq və qüvvədə olan qanunlara dəyişikliklər etmək barədə qanunları qəbul etməlidir.
Hazırda Qırğızıstan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, ölüm cəzası qadağandır.
Bu həftə Sadır Japarov qadınlara və uşaqlara qarşı zorakı cinayətlərə görə ölüm cəzasının bərpasını təklif edib. Bu təşəbbüs İssık-Kul vilayətindən olan 17 yaşlı Aysulaa adlı qızın qətli ilə bağlı hadisədən sonra irəli sürülüb. Sentyabrın 27-də Aysulaa qonşu kəndə yollanıb və bundan sonra əlaqə kəsilib. Qısa müddət sonra hüquq-mühafizə orqanları 41 yaşlı Bişkek sakini saxlayıblar. O, qızı oğurladığını, zorladığını və qətlə yetirdiyini etiraf edib.
Aydın
Şərhlər