Xəbər lenti

Ravvinlərin
Dünya 16:16 13.03.2025

Ravvinlərin "İbrahim Paktı"yla bağlı müraciəti: 907-ci düzəliş ləğv edilə bilərmi?

"Tramp adminstrasiyası bu haqsızlığı aradan qaldırmalıdır".

Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu 50-dən çox ravvinin "İbrahim Paktı"nı Azərbaycan başda olmaqla türk dövlətləri hesabına genişləndirmək üçün ABŞ prezidenti Donald Trampa etdikləri müraciəti şərh edərkən deyib: 

"ABŞ-dakı yəhudi lobbisi və 50-dən çox ravvinin 907-ci düzəlişi ləğv etməklə bağlı ölkə prezidenti Donald Trampa müraciəti təqdir olunmalı hadisədir. Onun baş verməsi əslində beynəlxalq hüquq və ədalətin bərpası olardı". 
 


Həmsöhbətimizin fikrincə, 907-ci düzəlişin ləğvi həm ABŞ-Azərbaycan münasibətlərinə yeni motivasiya verər, həm də bu Tramp adminstrasiyasının hüquq və ədalətlə bağlı mövqeyinin bir daha təsdiqi olardı:

"Məsələnin mahiyyəti odur ki, Azadlığı müdafiə aktına 907-ci düzəliş o dövr adminstrasiyasının qəbul etdiyi yanlış qərar idi. Çünki Azərbaycan əraziləri işğala məruz qala-qala, separatçılar, terrorçular torpaqlarımızda terror və işğaçılıqla məşğul olarkən, məhz onlara dəstək məqsədilə Azadlığı müdafiə aktına 907-ci düzəliş əlavə edildi. Yəni zərər çəkən Azərbaycan olsa da, yanlış olaraq ölkəmiz azadlıq və insan hüquqlarını məhdudlaşdırmaqda ittiham edilir. Bu isə doğru deyil".

Deputat qeyd edir ki, hazırkı tarixi şəraitdə artıq 907-ci düzəlişi zəruri edən, onun səbəbi kimi göstərilən predmet yoxdur:

"Azərbaycan ərazisində olan ermənilər könüllü şəkildə ölkəmizi tərk edib. Bu gün Azərbaycan məhkəmələrində erməni terrorçular öz terror hərəkətlərini etiraf edir. Belə olan halda əlbəttə ki, 907-ci düzəliş ləğv olunmalıdır. Ravvinlərin bu mövqeyi alqışlanmalı və Tramp adminstrasiyası həmin haqsızlığı aradan qaldırmalıdır. Nəticədə də İsrail-ABŞ-Azərbaycan münasibətlərində tamamilə yeni bir mərhələ başlamalıdır".


Qeyd edək ki, ABŞ-ın 50-dən çox ravvini "İbrahim Paktı"nı genişləndirmək və türk dövlətlərini (ilk növbədə Azərbaycan, Qazaxıstan və Özbəkistan) əhatə etmək üçün ABŞ prezidenti Donald Trampa müraciət edib. Xarici KİV-in məlumatına görə, ikinci ərizə Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyinə aiddir. 

Qeyd olunur ki, ABŞ-da olan digər yəhudi təşkilatları, o cümlədən ultra-pravoslav təşkilatlar da amerikalı liderə bu maddənin ləğvi ilə bağlı müraciət edəcəklər.

Xatırladaq ki, "İbrahim Paktı" İsrail və ərəb ölkələri arasında 2020-2021-ci illərdə imzalanmış münasibətləri tənzimləyən bir sıra müqavilələrdir. 1992-ci ildə Birləşmiş Ştatlar keçmiş sovet respublikalarına iqtisadi yardım göstərmək üçün qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul etdi. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermirdi.

2001-ci ilin 11 sentyabrından sonra Corc Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac olduğu üçün müvəqqəti olaraq bu düzəlişdən imtina edib. Lakin 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı ilə Qarabağı separatçı rejimdən təmizlədikdən sonra, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen düzəlişin dayandırılmasını uzatmamaq niyyətini açıqlamışdı.

QEYD: "İbrahim Paktı" (Abraham Accords) 2020-ci ildə İsrail ilə bəzi ərəb və müsəlman ölkələri arasında diplomatik münasibətlərin normallaşdırılması məqsədilə imzalanmış razılaşmalardır. Bu sazişlər ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə İsrail arasında bağlanıb, sonradan Mərakeş və Sudan da bu prosesə qoşulub. Azərbaycanın "İbrahim Paktı"na qoşulması o demək olardı ki, ölkə İsrail ilə əlaqələrini daha da rəsmi şəkildə gücləndirər və digər müsəlman ölkələrini də bu nümunəni izləməyə təşviq edərdi. Bu, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə yanaşı, müsəlman ölkələri ilə İsrail arasında daha geniş diplomatik inteqrasiyanın inkişafına töhfə verə bilər.
 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->