1869-cu ildə istifadəyə verilən Süveyş kanalı beynəlxalq dəniz ticarətini köklü şəkildə dəyişdirməklə yanaşı, Aralıq dənizinin ekosisteminə də uzunmüddətli təsir göstərib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Times of India" nəşri yazıb.
Məqalədə bildirilir ki, Tel-Əviv Universitetinin alimləri Aralıq dənizinin ekosistemini araşdıraraq Süveyş kanalı vasitəsilə Qırmızı dənizdən buraya keçən 120 balıq növünü müəyyən ediblər.
Tədqiqatçılar hazırladıqları statistik model vasitəsilə təkcə artıq müşahidə olunmuş miqrasiya hallarını izah etməyib, həm də yaxın gələcəkdə hansı növlərin Aralıq dənizində məskunlaşmaq ehtimalının daha yüksək olduğunu proqnozlaşdırıblar.
Modelə əsasən, gələcəkdə Aralıq dənizinə yayıla biləcək əsas namizədlər arasında ulduzlu kirpi balığı, cinnabar keçi balığı və sarı ləkəli karanks göstərilir.
Balıqların yeni mühitə uyğunlaşmasını müəyyən etmək üçün alimlər Eylat körfəzində və İsrailin Aralıq dənizi sahillərində 5–150 metr dərinlikdə yemlə təchiz olunmuş stereoskopik sualtı videomüşahidə sistemlərindən istifadə ediblər.
Yüzlərlə saatlıq görüntülər təhlil edildikdən sonra 179 balıq populyasiyası müqayisə olunub. Alimlər artıq Aralıq dənizinə köç etmiş növlərlə hələ də yalnız Qırmızı dənizdə yaşayan yaxın qohum növlərin xüsusiyyətlərini araşdırıblar.
Tədqiqat müəllifləri bildirirlər ki, əvvəlki araşdırmalardan fərqli olaraq, onlar yalnız uğurla yayılan invaziv növləri deyil, həm də onların Qırmızı dənizdəki ilkin populyasiyalarını öyrəniblər. Bu yanaşma miqrasiyadan əvvəl mövcud olan xüsusiyyətləri müəyyən etməyə imkan verib.
Araşdırma göstərib ki, mərcan riflərindən daha az asılı olan balıq növlərinin yeni ərazilərə köçmək ehtimalı daha yüksəkdir. Eyni zamanda, tədqiqat geniş yayılmış bir fikri də təkzib edib. Belə ki, ən uğurlu yayılan növlərin hər şəraitdə yaşaya bilən universal növlər olduğu qənaəti təsdiqini tapmayıb.
Alimlər həmçinin müəyyən ediblər ki, balıqlar yeni mühitə köçdükdən sonra davranışlarını dəyişir, yeni şəraitə tez uyğunlaşır və Qırmızı dənizdə yaşadıqları mühitdən fərqli yaşayış sahələrini seçirlər.
Araşdırmaya görə, invaziv növlər əsasən boş ekoloji nişləri tutmur, əksinə, yerli növlərlə qida, sığınacaq və yaşayış sahələri uğrunda rəqabət aparırlar.
Tədqiqatçılar bildiriblər ki, onların məqsədi yalnız artıq baş vermiş bioloji invaziyaları izah etmək deyil, gələcək invaziyaları da əvvəlcədən proqnozlaşdırmaqdır.
"Times of India" qeyd edir ki, Aralıq dənizində suyun temperaturunun yüksəlməsi tropik növlər üçün daha əlverişli şərait yaradır. Alimlərin fikrincə, bu cür proqnozlaşdırma modelləri yeni invaziv növlərin vaxtında aşkarlanmasına və dəniz ekosistemlərində gözlənilən dəyişikliklərə daha yaxşı hazırlaşmağa kömək edə bilər.
Aydın
Şərhlər