Xəbər lenti

Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Dünya 20:19 05.08.2026

Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir

Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır.

Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanın dərinliklərində heç bir tufan olmadan yaranan ildırıma bənzər ani işıq parıltıları şəklində müşahidə olunur və demək olar ki, dərhal yox olur.

Məlumata görə, qədim polineziyalı dənizçilər bu işıq saçmalarından naviqasiya məqsədilə istifadə edirdilər. Onların müşahidələrinə əsasən, "te lapa" adətən ən yaxın quru istiqamətində görünür və gecə vaxtı, eləcə də buludlu havada adaların yerini müəyyənləşdirməyə kömək edirdi.

Alimlər bu fenomeni artıq bir neçə onillikdir araşdırsalar da, onun mənşəyi ilə bağlı vahid elmi izah hələ də mövcud deyil.

Əsas fərziyyələrdən birinə görə, "te lapa" Sakit okeanı əhatə edən "Alov halqası" adlanan tektonik zonadakı geoloji proseslərlə əlaqəli ola bilər. Ehtimal edilir ki, sualtı vulkanlar və hidrotermal mənbələr yaxınlığında güclü elektrik boşalmaları baş verir.

Tədqiqatçılar bildirirlər ki, dəniz suyu elektrik cərəyanını yaxşı keçirsə də, qaz qabarcıqları, kəskin temperatur fərqləri və müxtəlif minerallar elektrik yükünü qısa müddətə toplayaraq sonradan parlaq işıq şəklində buraxa bilər.

Digər ehtimala görə isə bu hadisə biolüminessensiya yaradan mikroorqanizmlərlə bağlıdır. Bu mikroskopik yosunlar mexaniki təsir nəticəsində işıq saçır. Laboratoriya təcrübələrində "te lapa" təsvirlərinə bənzər işıq zolaqları əldə edilsə də, onların okeanda müşahidə olunan sirli parıltıların əsas səbəbi olduğu hələ sübuta yetirilməyib.

Alimlər eyni zamanda bəzi geniş yayılmış ehtimalları da istisna ediblər. Araşdırmalar göstərib ki, bu parıltılar nə ulduzların və peyklərin su səthindəki əksi, nə də Müqəddəs Elmo alovları kimi atmosfer elektrik hadisələri ilə əlaqəlidir.

Mütəxəssislərin fikrincə, müasir texnologiyalara baxmayaraq, "te lapa" okeanın ən maraqlı və sirli təbiət hadisələrindən biri olaraq qalır. Onlar hesab edirlər ki, bu fenomenin dəqiq izahı üçün daha həssas müşahidə cihazlarına və əlavə elmi tədqiqatlara ehtiyac var.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->