Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun 100 yaşı tamam olur.
Bakuplus.az bu münasibətlə görkəmli hakimin nəvəsi Tofiq Bəhramovla əlaqə saxlayıb, o, babası ilə bağlı xatirələrini bölüşüb.
Tofiq Bəhramov deyib ki, babası meydanda nə qədər sərt insan təsiri bağışlasa da, evdə bir o qədər mülayim, mehriban insan olub: "Biz bir yerdə yaşayırdıq. Mən baba evində anadan olmuşam. Babam işdən sonrakı vaxtını, istirahət günlərini daha çox nəvələrinə həsr edərdi. Biz Dənizkənarı Bulvarın yanında qalırdıq, axşamlar hər gün gəzintiyə çıxırdıq. Hər gün də bizə xeyli insan yaxınlaşırdı, salam verirdi, hal-əhval tuturdu. Ola bilsin ki, meydanda sərt insan təsiri bağışlayıb, amma evdə mülayim idi, uşaqla uşaq, böyüklə də böyük kimi davranırdı”.
Tofiq Bəhramovun sözlərinə görə, babası üçüncü infarktdan bir neçə gün sonra dünyasını dəyişib: "Heç yadımdan çıxmaz, onu evdən indiki Mərkəzi Xəstəxanaya aparanda dedi ki, biz aşağıda olanda nəvələrim pəncərədən əl eləsin. Biz üçüncü mərtəbədə qalırdıq. Çıxdıq, ona əl elədik. Bir-iki gün sonra isə rəhmətə getdi”.
Onun bildirdiyinə görə, hakim Tofiq Bəhramovun dəfnində izdiham yaşanıb.
Tofiq Bəhramov bildirib ki, bu gün də babasının xatirəsinə olan yüksək diqqət və ehtiram onu tam qane edir və sevindirir: "Ailəmiz də həmişə diqqət və qayğı görüb”.
Nəvə Tofiq Bəhramov gömrük orqanında çalışsa da, oğlu futbolçudur: "Oğlum Bəhram Bəhramov "Zirə” futbol klubunun 13 yaşlılardan ibarət komandasında oynayır. 7 ildir ki, futbolla məşğuldur. Qismət olsa, gələcəkdə bu sahədə ciddi uğurlar qazanar”.
Şərhlər