Dünya 20:42 21.02.2024

Tramp Avropanı niyə hədələdi? (ŞƏRH)

"Donald Trampın Avropanı Rusiya ilə təhdid etməsi seçicilərinə ünvanlanmış çağırışlardır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Trampın son açıqlamalarında Avropanı yenidən Rusiya ilə təhdid etməsinə münasibət bildirərkən deyib.

"Respublikaçılardan prezidentliyə namizəd Donald Trampın Avropa dövlətləri və NATO üzrə müttəfiqlərini yenidən Rusiya ilə təhdid etməsi, prezident seçiləcəyi təqdirdə əsas diqqəti daxili məsələlərə, miqrasiyaya qarşı mübarizəyə yönəldəcəyilə bağlı açıqlamaları birinci seçki dövründə onun qələbəsini təmin edən əsas şüarlar idi. Tramp yenə də həmin şüarlardan istifadə edərək, öz seçki kampaniyasını aparır. Bu şüarlar Trampın növbəti seçki kampaniyasında da səs çoxluğunu təmin edən əsas amillər hesab oluna bilər. Bu mənada Trampın Avropanı Rusiya ilə təhdid etməsi də seçicilərinə ünvanlanmış çağırışlardır", deyə Taleh Əliyev bildirib.
 


Politoloqun fikrincə, bu hal bir daha onu göstərir ki, Tramp yenidən prezident seçiləcəyi təqdirdə, diqqəti növbəti dəfə ölkə daxilindəki məsələ və problemlərə yönəldəcək:

"Onun bu sayaq addımları ABŞ-ın Avropa müttəfiqlərində isə bir məyusluq yaradacaq. Tramp bununla avropalılara demək istəyir ki, öz başınıza özünüz çarə qılın. Belə olan halda, Tramp seçilərsə, Avropa yalnız öz gücünə güvənmək məcburiyyətində qalacaq. Bu vəziyyət isə Avropanı hərbi potensialını artırmağa vadar edəcək. Onsuz da Ukrayna müharibəsi gedişində proseslər bu istiqmaət üzrə gedir. Trampın yürütmək istədiyi siyasət qlobal güc olan Birləşmiş Ştatların maraqlarına uyğun gəlməsə də, o, yenidən seçiləcəyi təqdirdə, birinci prezidentlik dövründə yürütdüyü anoloji siyasəti davam etdirəcək".

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp avropalıları yenidən qorxuya salan açıqlamaları ilə yadda qalıb. "Unutmayın: siz rus hərbi maşınına  qarşısınız. Hitlerə qalib gəldilər, Napoleonu məğlub  etdilər. Bu, müharibə maşınıdır, nəhəng bir ölkədir", deyə o, qeyd edib. 

Rüfət Sultan