Xəbər lenti

Tramp sanksiyaları ikiqat artırmağa hazırdır, çünki Rusiya elə bir ölkədir ki... - Kelloq
Dünya 13:57 07.02.2025

Tramp sanksiyaları ikiqat artırmağa hazırdır, çünki Rusiya elə bir ölkədir ki... - Kelloq

ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün sanksiyaları ikiqat artırmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq "The New York Post"a müsahibəsində bəyan edib.

Kelloqun sözlərinə görə, hazırda Rusiyaya qarşı sanksiyalar iqtisadi təzyiq baxımından 10 ballıq şkala üzrə cəmi 3 bala bərabərdir.

O qeyd edib ki, ABŞ-ın sanksiyaları, xüsusilə Rusiya energetika sektoruna yönələn məhdudiyyətlər formal olaraq daha güclüdür, lakin onların daha da sərtləşdirilməsi üçün hələ də imkanlar var:

"Sanksiyaların gücləndirilməsi, xüsusən də neft hasilatı və ixracına qarşı son sanksiyaların genişləndirilməsi həqiqətən mümkündür. Bu, çoxsaylı addımlar atmaq üçün geniş imkanlar açır. Əgər kimsə təsir rıçaqlarını başa düşürsə, bu, Donald Trampdır. Siz bunu onun son vaxtlar xarici siyasətdə atdığı addımlardan da görə bilərsiniz".

Keçən cümə axşamı Tramp Oval kabinetdə vitse-prezident Cey Di Vensdən tutmuş maliyyə naziri Skot Bessentə qədər milli təhlükəsizlik məsələləri ilə məşğul olan müşavirləri və kabinet üzvlərini bir araya gətirib. Onlar müharibəni dayandırmaq üçün ABŞ-ın milli güc elementlərindən necə istifadə olunmasını müzakirə ediblər.

Kelloq vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin həlli administrasiyanın ümumi yanaşmasını tələb edir:

"Bu, bütün hökuməti əhatə edən bir yanaşmadır. Bizdə prezident, vitse-prezident, milli təhlükəsizlik müşaviri, dövlət katibləri, xəzinədarlıq, Milli Təhlükəsizlik Şurası bir yerdə işləyir".

O, Ukraynanın danışıqlara başlamazdan əvvəl Rusiyaya qarşı hərbi təzyiqi davam etdirməli olduğunu bildirib və keçmiş prezident Co Baydenin "nə qədər lazımdırsa, o qədər kömək edəcəyik" strategiyasını tənqid edib.

"Bu, strategiya deyil, sadəcə bir şüardır", – deyə Kelloq qeyd edib və əlavə edib ki, Tramp tamamilə fərqli şəkildə hərəkət edir.

Onun sözlərinə görə, Tramp zorakı hərbi əməliyyatları dayandırmaq üçün "bütöv yanaşma" tətbiq etməyə çalışır.

Kelloq həmçinin bildirib ki, Tramp bu həftə Ukrayna ilə silah tədarükü müqabilində təbii sərvətlərə dair mümkün sazişi müzakirə etsə də, əvvəlcə "sadəcə olaraq qətlləri dayandırmaq" və yalnız bundan sonra gələcək danışıqları aparmaq niyyətindədir.

"Bizim müəyyən imkanlarımız var və şükürlər olsun ki, mən əsas razılaşmalar üzərində işləyirəm. O, 'Saziş bağlama sənəti' kitabını yazıb. Onun baxışlarını görməzdən gəlmək olmaz", – Kelloq qeyd edib.

O əlavə edib ki, Rusiya öz itkilərini azaltmağa maraqlı deyil və məhz buna görə də danışıqlar başlamazdan əvvəl zorakılığın dayandırılması vacibdir.
"Rusiya üçün bu, hərbi əməliyyatların genetik kodu kimidir – yəni siz aşındırma müharibəsi aparırsınız. Tarixə baxsanız, ruslarla belə bir müharibəyə girmək istəməzsiniz, çünki onlar məhz bu cür döyüş aparmağa öyrəşiblər. Bu, elə bir ölkədir ki, təkcə Stalinqrad döyüşündə 700 000 insanını itirdi və bunu adi hal kimi qəbul etdi", – Kelloq bildirib.

O vurğulayıb ki, təzyiq yalnız hərbi sahədə olmamalıdır:

"Biz iqtisadi təzyiq göstərməliyik, diplomatik təzyiq göstərməliyik, müəyyən dərəcədə hərbi təzyiq tətbiq etməliyik və digər rıçaqlardan istifadə etməliyik ki, proses istədiyimiz istiqamətə getsin".

Bununla yanaşı, Kelloq müharibənin yalnız Rusiya və Ukrayna arasında danışıqlar nəticəsində başa çatacağını bir daha vurğulayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->