ABŞ-ın vitse-prezidenti Cey Di Vens prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə dialoq aparmasına nə üçün ehtiyac olduğunu izah edib.
Qaynarinfo xəbər verir ki, "Fox News” kanalına verdiyi müsahibədə o, Trampın "aqressiv diplomatiya” apardığını və bunun sülhə nail olmaq üçün zərur olduğunu bildirib.
"Vladimir Putinin Ukraynaya müdaxilə qərarı ilə razılaşmağınız lazım deyil, amma əgər siz sülhə nail olmaq istəyirsinizsə, güclü olmalısınız. Siz həmçinin insanlarla danışmalısınız. Siz aqressiv, aktiv diplomatiya ilə məşğul olmalısınız”, deyə o qeyd edib.
O həmçinin vurğulayıb ki, Trampın mövqeyi sülhə fokuslanmaq, amma KİV-in ona necə davranacağını diktə etməsinə imkan verməməkdir.
"Onun doktrinası dünyanın ən güclü ordusuna sahib olmaq, sülhə diqqət yönəltmək, amma Vaşinqtondakı jurnalistlərin sizə kimlə danışa biləcəyinizi və diplomatiya ilə necə məşğul olacağınızı diktə etməsinə icazə verməməkdən ibarətdir”, deyə Vens bildirib.
Bundan əvvəl Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov Ukraynaya qarşı müharibənin başa çatması üçün şərti açıqlamışdı. Onun sözlərinə görə, bu, yalnız Rusiya qarşıya qoyduğu tapşırıqlara nail olduqda baş verəcək.
Bundan başqa, Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna "gec-tez” Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq və Kiyevin danışıqlardakı mövqeyi hər gün daha da pisləşəcək.
Alpər
Şərhlər