Xəbər lenti

Sənət 15:27 27.04.2026

"Vağzalı" mübahisəsi: Sənət adamlarından fərqli baxışlar

"Nə qədər ki, Hüseyn Məhəmmədoğlu və onun kimi sənətkarlar var, "Vağzalı" yaşayacaq. Azərbaycanın əsl musiqiçiləri var olduğu müddətdə "Vağzalı" həmişə el şənliklərimizin şahı olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunin "muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradır" fikrinə münasibət bildirib.

Əməkdar artist qeyd edib ki, Azərbaycanın toy mədəniyyətində "Vağzalı" xüsusi yerə malikdir və bu ənənənin zəifləməsi mümkün deyil:

"Vağzalı" Azərbaycan toylarının ayrılmaz hissəsidir. Mən uzun illərdir toylarda iştirak edirəm və hər zaman bəy-gəlin məclisə bu musiqi ilə daxil olur və sonda da onun sədaları ilə yola salınır".
 


Gülüstan Əliyeva bildirib ki, bəzi ifaçıların müasir toy proqramları hazırlaması ənənəni zəiflətmir, əksinə onu daha da zənginləşdirir:

"Bəzi sənətkarlar, o cümlədən Mənsum İbrahimov, Gülyaz və Gülyanaq bacıları, Mirələm Mirələmov kimi ifaçılar toylar üçün xüsusi musiqi proqramları təqdim edirlər. Lakin bu, "Vağzalı”nın unudulması demək deyil. Əksinə, o, həmin proqramların içində də öz yerini saxlayır".

Xanəndə vurğulayıb ki, bəzi hallarda xarici musiqilərdən, o cümlədən "Mendelson”dan istifadə olunsa da, Azərbaycan adət-ənənələrini yaşadan ailələrdə "Vağzalı” hələ də əsas seçim olaraq qalır.
 
Əməkdar müəllim Qəzənfər Abbasovun sözlərinə görə, xanəndələr heç zaman "Vağzalı" oxumur:
 


"Vağzalı" daha çox klarnet ifaçılarına aid repertuardır və xanəndələrin ifa sahəsinə daxil deyil".

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu son açıqlamasında bəy-gəlinlərin artıq "Vağzalı”ya əvvəlki qədər maraq göstərmədiyini və bunun muğam ifaçılarının təsiri ilə bağlı olduğunu iddia edib.

Bahar Rüstəmli

--> -->