Xəbər lenti

Vens İsveçrə danışıqlarının pozulması ilə bağlı məlumatları təkzib etdi
Dünya 16:22 22.06.2026

Vens İsveçrə danışıqlarının pozulması ilə bağlı məlumatları təkzib etdi

İran nümayəndə heyəti İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların keçirildiyi məkanı tərk etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran İslam Respublikası ilə aparılan danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. 

Bundan əvvəl "Əl-Məyadin" telekanalı İran nümayəndə heyətinin ABŞ Prezidenti tərəfindən üzr istənilmədiyi və İsrail qoşunlarının Livanın cənubundan çıxarılmadığı təqdirdə Vaşinqtonla danışıqlara qayıtmağa hazır olmadığı barədə məlumat vermişdi.

"İranlılara gəlincə, bəli, onlar həqiqətən də danışıqları tərk etməklə hədələyirdilər. Lakin biz ötən gecə gecə yarısından xeyli sonraya qədər danışıqlar aparmışıq”, deyə Vens bildirib.

Vitse-prezidentin sözlərinə görə, İran nümayəndə heyəti hələ də İsveçrədədir və hazırda ABŞ nümayəndələri ilə işini davam etdirir.

İyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və yeni danışıqlar mərhələsinə başlamaq məqsədi daşıyan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

60 günlük müddət üçün nəzərdə tutulan sənəd hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ABŞ tərəfindən İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırılmasını ehtiva edir.

Memorandumda həmçinin sanksiyaların qismən yumşaldılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinə çıxış əldə etməsi və nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi nəzərdə tutulur.

Aydın

--> -->