Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanətlərinin xərclərinin "aslan payını" ödəməli olacaq.
Qaynarinfo xəbər verir ki bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News kanalında bildirib.
Nəşr xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ukraynaya hərbi yardım üçün milyardlarla dollar xərcləməsinə mənfi yanaşır, buna görə də Ağ Ev bəyan edib ki, Vaşinqton Kiyevin müdafiəsini maliyyələşdirmək üçün "boş çeklər yazmağa" davam etməyəcək. Bununla əlaqədar Tramp bu xərclərlə bağlı daha çox məsuliyyəti Avropa müttəfiqlərinin üzərinə qoymaq istəyir.
"Mən düşünmürəm ki, biz bu yükü daşımalıyıq... Prezident, şübhəsiz ki, Avropanın burada aparıcı rol oynamasını gözləyir. Bu, hansı formada olursa-olsun, avropalılar yükün aslan payını öz üzərlərinə götürməli olacaqlar. Bu, onların qitəsidir, onların təhlükəsizliyidir və prezident açıq şəkildə bildirib: burada addım atmaq onlara düşür”, – nəşr Vensin sözlərini sitat gətirir.
Bundan başqa, ABŞ-ın vitse-prezidenti deyib ki, Rusiya Ukrayna ərazilərinin bir hissəsini istəyir, "onların çoxunu artıq işğal edib, amma bir hissəsini yox”.
Qeyd edək ki, guya hazırda Qərb tərəfdaşları tərəfindən müzakirə olunan "NATO kimi” təhlükəsizlik zəmanətləri əslində Avropa ölkələrinin Ukraynanın müdafiəsinə birbaşa qoşulmaq öhdəliyini nəzərdə tutmayacaq. "Bloomberg” mənbələrinin sözlərinə görə, hərbi dəstək Kiyevə "sürətli və davamlı müdafiə yardımı”, iqtisadi yardım, "Ukrayna silahlı qüvvələrinin gücləndirilməsi”, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini əhatə edə bilər.
Həmçinin Pentaqon bildirib ki, ABŞ Kiyevə təhlükəsizlik zəmanətlərində minimal rol oynayacaq. Rəsmi şəxslər "Politico”ya deyiblər ki, NATO liderlərinin çərşənbə günü keçirilən görüşü müttəfiqlərdə Trampın Rusiyanın işğalı başa çatandan sonra uzunmüddətli sülhün təmin edilməsində əsas məsuliyyəti Avropanın üzərinə qoyacağı ilə bağlı getdikcə artan narahatlıq yaradıb. Bununla yanaşı, bəzi avropalı rəsmilər xəbərdarlıq ediblər ki, bu həftə keçirilən görüşlər Avropanın sülhün qorunması kimi potensial genişmiqyaslı və baha başa gələcək vəzifə ilə üzləşəcəyi çətin danışıqlar və torq seriyasının "ilk atəşi”dir.
Bu vaxt Rusiya XİN bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin müzakirəsi Rusiyanın iştirakı olmadan mümkün deyil. İdarənin rəhbəri Sergey Lavrovun sözlərinə görə, Moskva Ukraynaya təhlükəsizlik zəmanətlərinin Çin, ABŞ, Böyük Britaniya və Fransa tərəfindən bərabər əsaslarla verilməsinə razıdır. O həmçinin qeyd edib ki, Rusiyanın iştirakı olmadan bu "dalana aparan yoldur”.
Alpər
Şərhlər