Alimlərin fikrincə, Afrikanın şərq hissəsi geoloji baxımdan parçalanmaya yaxınlaşır və gələcəkdə burada yeni okeanın yaranması mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə "ORIGO” nəşri yazıb.
Məlumata görə, Şərqi Afrika rift sistemi daxilində yerləşən Turkana çökəkliyinin altında Yer qabığı kritik dərəcədə nazikləşib. Transafrika rift xətti Keniya və Efiopiya ərazisində təxminən 500 kilometr boyunca uzanır və Afar yaylasından Mozambikə qədər davam edən geniş qırılma zonasının bir hissəsidir.
Alimlər bildirirlər ki, bu bölgədə Afrika və Somali tektonik plitələri hər il təxminən 4,7 millimetr məsafədə bir-birindən uzaqlaşır. Bu proses insan ölçüləri ilə demək olar hiss olunmasa da, geoloji miqyasda böyük dəyişiklik hesab olunur.
Tədqiqatçılar qeyd edirlər ki, bu qırılma artıq inkişaf etmiş mərhələdədir. Çökəkliyin mərkəzində Yer qabığının qalınlığı cəmi 13 kilometr təşkil edir, halbuki daha uzaq ərazilərdə bu göstərici 35 kilometrdən çox ola bilər.
Alimlər ehtimal edirlər ki, növbəti mərhələ "okeanlaşma” prosesi ola bilər. Bu zaman Yerin dərinliklərindən qalxan maqma yeni okean dibinin formalaşmasına səbəb olacaq. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu proses milyonlarla il çəkir və Afrikanın parçalanması qısa müddətdə baş verməyəcək.
Qeyd edək ki, daha əvvəl Antarktidada buz qatlarının altında gizlənmiş "xəyal qitə”nin aşkar edildiyi bildirilmişdi. Alimlər onun mənşəyini tam izah edə bilməsələr də, bu quruluşun Sakit okeanda yerləşən Zelandiya ilə əlaqəli olduğunu düşünürlər.
Aydın
Şərhlər