Afrika ölkələri ABŞ dollarından tədricən imtina edərək yerli valyutalara və Çin yuanına üstünlük verməyə başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” nəşri məlumat yayıb.
Zambiya qitədə faydalı qazıntıların hasilatından əldə olunan vergiləri və royaltiləri payızdan etibarən yuanla qəbul edən ilk ölkə olub. Bu qərarın Zambiya ilə ölkənin ən böyük mis alıcısı və əsas kreditoru olan Çin arasında maliyyə əməliyyatlarını asanlaşdırdığı bildirilir.
Bundan əlavə, dekabr ayından etibarən Zambiya Mərkəzi Bankı daxili ödənişlərin milli valyuta — kvaça ilə aparılmasını tələb edir. Bununla hökumət yerli valyutaya tələbatı artırmağı hədəfləyir. Qaydanın pozulmasına görə böyük məbləğdə cərimələr və hətta azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
"The Economist” qeyd edir ki, dedollarizasiya prosesi digər Afrika ölkələrində də sürətlənir.
Belə ki, Keniya ötən ildən xarici valyuta ilə satılan mal və xidmətlərə görə 15 faiz vergi tətbiq edib. Namibiyada isə dollarla pul köçürmələrinə vergi tətbiqi məsələsi müzakirə olunur.
Nigeriya və Qana da yerli valyutalardan istifadəni genişləndiriblər. Zimbabve isə 2030-cu ilədək vahid milli valyutanı tətbiq etməyi və ABŞ dollarından tamamilə imtina etməyi planlaşdırır.
Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, son on ildə Afrika ölkələrinin rəsmi valyuta ehtiyatlarında ABŞ dollarının payı təxminən üçdəbir azalıb. Eyni zamanda, yuanın payı 2024-cü ilə qədər 7 faizə yüksəlib.
Nəşr vurğulayır ki, dedollarizasiya uzun və mürəkkəb prosesdir. Bunun əsas səbəbləri bank sisteminin beynəlxalq ödənişlərdə ABŞ dollarından asılılığı və xarici borcların ən azı qismən dollarla ödənilməsi zərurətidir.
Bununla belə, məqalədə qeyd olunur ki, Afrikada ABŞ dollarının rolunun tədricən azalması artıq daha dayanıqlı tendensiyaya çevrilməkdədir.
Aydın
Şərhlər