NASA ilk dəfə Ayda Günəşin batmasını əks etdirən yüksək keyfiyyətli şəkilləri yayımlayıb. Bu görüntülər tədqiqatçılara Ay haləsi adlanan sirli fenomenin təbiətini anlamağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"
yazır.
Şəkillər Firefly Aerospace şirkətinə məxsus Blue Ghost adlı xüsusi aparat vasitəsilə çəkilib.
Ay haləsi fenomeni ilk dəfə 1972-ci ildə "Apollon-17" missiyası zamanı astronavt Yucin Sernan tərəfindən qeydə alınmışdı. Sonrakı tədqiqatlar göstərib ki, bu işıqlanma son dərəcə seyrək olan Ay atmosferindəki kiçik toz hissəciklərinin Günəşin çıxması və batması zamanı işıq saçması ilə bağlı ola bilər. Bəzi alimlər isə bu hissəciklərin elektrostatik qüvvələr səbəbindən havada qalxaraq hərəkət edə biləcəyini düşünürlər.
"Bu, Ayda Günəşin batmasını əks etdirən ilk detallı görüntülərdir. Onlar təkcə heyranedici deyil, həm də Ay atmosferinin təhlili üçün yeni imkanlar açır", – deyə NASA-nın elmi missiyalar bölməsinin rəhbər müavini Coel Kerns bildirib.
Bundan əlavə, Blue Ghost 14 mart tarixində tam Ay tutulmasını da yüksək keyfiyyətlə çəkib. Bu hadisə zamanı Yer, Günəşi Ay səthindən görünməz hala gətirib.
Xatırladaq ki, aparat 2 mart tarixində Mons Latreille vulkanik formasiyasının yaxınlığında, Ayın şimal-şərqində yerləşən Fırtınalar dənizinə eniş edib.
Bu missiya, NASA-nın 2,6 milyard dollarlıq kommersiya kosmik proqramının bir hissəsidir və kosmik uçuşların maya dəyərini azaltmaq üçün özəl şirkətləri dəstəkləməyi hədəfləyir. Həmçinin 2027-ci ildə insanları Aya qaytarmağı planlaşdıran Artemis proqramına töhfə verəcək.
Alpər
Şərhlər