Siyasət 12:39 31.03.2023

Azərbaycan siyasətində "inqilab": Pənah Hüseyn, Tural Abbaslı və Elşad Musayev eyni partiyada (İDDİA)

"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi mühitdə canlama yaradıb. Bir neçə partiya - Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər. 

Hazırda isə bir sıra partiyaların vahid təşkilatda birləşməsi ilə bağlı müzakirələr aparılır.

Qaynarinfo-ya daxil olan məlumata görə, Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və AĞ Partiya birləşməklə bağlı müzakirələrə başlayıblar. Məlumatı verən mənbə iddia edir ki, adları çəkilən partiyalar Milli İstiqlal Partiyasında birləşəcək və təşkilata rəhbərlik Arzuxan Əlizadəyə həvalə olunacaq. Digər 3 partiyanın sədrləri isə AMİP-də müavin postunda yer alacağı bildirilir. 
 


Qeyd edək ki, adları çəkilən partiya sədrləri həm də tez-tez "səhər yeməyi”ndə toplaşıb ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmələri ilə də gündəmə gəlirlər. 

Böyük Azərbaycan Partiyası (BAP) sədri Elşad Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bir sıra partiyalar özünü buraxıb və bu prosesin davam edəcəyi gözlənilir: 



"İnformasiyaya görə, yaxın vaxtlarda 30-35 partiyanın özünü buraxması, yaxud da başqa partiyalara birləşməsi elan olunacaq. Vaxti ilə AXCP-dan ayrılan və partiya yaradan sədrlərin də bir arada birləşməsi ilə bağlı məlumatlar yayılır. Biz, 4 partiya əməkdaşlıq edirik, zaman-zaman görüşüb, müxtəlif məsələləri müzakirə edirik. Amma heç kəsin kiminsə qarşısında öhdəliyi yoxdur. Partiyaların birləşməsi ilə bağlı müzakirəmiz olmayıb. Düşünürəm ki, bu partiyaların hər biri müstəqil fəaliyyət göstərəcək. Konkret olaraq mənim rəhbərlik etdiyim partiyaya gəlincə, biz son dövrlər bölgələrə tez-tez səfər edirik, fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur”. 

Elşad Musayev qanunda tələb olunan 5 min üzv məsələsinin həll olunduğunu vurğulayıb: 

"Sənədləşmə prosesi gedir, ona görə bizim kiməsə birləşmək niyyətimiz yoxdur. Biz bundan sonra üzvlərimizin sayının artırılması, təşkilatı strukturun güclənməsi ilə məşğul olacağıq. Buna şahid olacaqsınız. Düşünürəm ki, partiyaların birləşməsi süni yolla olmamalıdır. İndi hansı dövrdə, hansı əsrdə yaşayırıq ki, süni sürətdə partiyalar birləşib və sonra da ayrılsın. Bunun üçün demokratik seçkilər olur. Bu seçki  nəticəsində də partiyalar sıradan çıxır, ya da birləşirlər”. 

Qeyd edək ki, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, AĞ Partiyanın başqanı isə Tural Abbaslıdır.

Bahar Rüstəmli