Çində keçirilən robot döyüş turnirində başı qopmasına baxmayaraq mübarizəni davam etdirən humanoid robot sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yayılan görüntülər bir tərəfdən heyranlıq doğurub, digər tərəfdən isə narahatlıq yaradıb.
Qayanrinfo xəbər verir ki, süni intellektin bir çox peşəni dəyişdirəcəyi ilə bağlı müzakirələr davam edərkən, bu dəfə diqqət döyüş idmanına yönəlib. Çinin Şençjen şəhərində keçirilən robot döyüş turnirində iki humanoid robot xüsusi hazırlanmış qəfəsdə qarışıq döyüş sənətləri (MMA) qaydalarına uyğun qarşılaşıb. Yarışı yüzlərlə tamaşaçı tribunadan izləyib.
Qarşılaşmanın ən yaddaqalan anı "White Eagle” komandasının robotunun rəqibinin başına endirdiyi güclü təpik olub. Zərbədən sonra "Bullfighter” komandasının robotunun başı tamamilə gövdəsindən ayrılıb.
Lakin bununla hər şey bitməyib. Başı qopan robot fəaliyyətini dayandırmadan döyüşü davam etdirib. Qarşılaşmanın sonunda isə "Bullfighter” komandası 3:2 hesabı ilə qalib gəlib.
Hadisənin görüntüləri qısa müddətdə "Reddit” və "X” başda olmaqla müxtəlif sosial media platformalarında milyonlarla baxış toplayıb.
Robotların UFC-si
Döyüşlər Şençjen şəhərində yerləşən Nanshan Mədəniyyət və İdman Mərkəzində təşkil olunan "Ultimate Robot Knock-out Legend” (URKL) turniri çərçivəsində keçirilib.
"Robotların UFC-si” kimi tanınan yarışda 20-dən çox ölkədən 32 komanda iştirak edir. Turnirin ilkin mərhələsində 200 komanda mübarizə aparıb. Seçmə mərhələlərindən sonra "Stanford” Universiteti, Honq Konq Universiteti və "Zhejiang” Universiteti kimi ali təhsil müəssisələrinin komandaları da final mərhələsinə yüksəlib.
Turnirin təşkilatçısı olan "EngineAI” şirkəti bildirib ki, yarış zamanı komandaların simulyasiya proqram təminatı, istifadə etdikləri avadanlıq və humanoid robotların avtonom döyüş bacarıqları birlikdə qiymətləndirilir.
Bütün komandalar eyni robotdan istifadə edir
Turnirdə iştirak edən bütün komandalar "EngineAI” tərəfindən hazırlanmış tamölçülü humanoid "T800” robotundan istifadə edir. Robotun qiyməti seçilmiş avadanlıq konfiqurasiyasından asılı olaraq 85 min ABŞ dollarına qədər yüksəlir.
"South China Morning Post” nəşrinin məlumatına görə, turnirin qalibi təxminən 10 kiloqram xalis qızıldan hazırlanmış, dəyəri 10 milyon yuan olan xüsusi çempionluq kəməri ilə mükafatlandırılacaq.
Sosial media iki yerə bölündü
Başı qopmasına baxmayaraq döyüşməyə davam edən robot sosial şəbəkələrdə minlərlə rəy toplayıb.
Bəzi istifadəçilər bunu 2011-ci ildə nümayiş olunan "Real Steel” filmi ilə müqayisə edib, digərləri isə robotun başı olmadan işləməyə davam etməsini təsiredici hesab ediblər. "Tesla” və "SpaceX” şirkətlərinin rəhbəri İlon Mask (Elon Musk) görüntüləri "X” hesabında paylaşaraq "Robot döyüşləri əyləncəlidir” şərhini yazıb.
Bununla yanaşı, bəzi istifadəçilər bu cür robotların gələcəkdə başqa məqsədlər üçün istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər. Digərləri isə robotlara döyüş əvəzinə ev işləri kimi faydalı bacarıqların öyrədilməsinin daha məqsədəuyğun olacağını qeyd ediblər.
Oxşar hadisələr əvvəllər də baş verib
Humanoid robotlar son aylarda müxtəlif insidentlərlə də gündəmə gəlib.
Bu ilin əvvəlində Çində keçirilən nümayiş zamanı idarəetmədən çıxan robot rəqs edərkən bir uşağa zərbə endirmişdi. ABŞ-ın Kaliforniya ştatında isə restoranda nəzarətdən çıxan başqa bir robot müştərilərin arasına daxil olmuş, əməkdaşlar onu dayandırmaq məcburiyyətində qalmışdılar.
Çində baş vermiş digər hadisədə isə yaşlı qadını qorxudan humanoid robot polis tərəfindən zərərsizləşdirilmişdi.
Aydın
Şərhlər