Xəbər lenti

Gənclər daha sürətlə qocalır? (ARAŞDIRMA)
Sağlamlıq 18:14 03.08.2026

Gənclər daha sürətlə qocalır? (ARAŞDIRMA)

Bir çox xərçəng növünün son illər daha gənc yaşlarda aşkarlanmasının səbəblərindən biri müasir insanların bioloji baxımdan əvvəlki nəsillərlə müqayisədə daha sürətlə qocalması ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə !Nature Medicine" jurnalında dərc olunan genişmiqyaslı araşdırmada bildirilir.

Araşdırmada Böyük Britaniyanın Biobank məlumat bazasındakı 55 yaşdan aşağı 154 mindən çox insanın göstəriciləri təhlil olunub. Daha sonra nəticələr ABŞ-da aparılan başqa bir tədqiqatla da təsdiqlənib.

Tədqiqatçılar qan analizləri və metabolik göstəricilər əsasında iştirakçıların bioloji yaşını müəyyən ediblər. Məlum olub ki, müasir gənc nəsildə bioloji yaş ilə təqvim yaşı arasındakı fərq əvvəlki nəsillərlə müqayisədə daha böyükdür. Başqa sözlə, bəzi insanlar eyni yaşda olsalar da, orqanizmləri daha çox metabolik yük və xroniki iltihab əlamətləri daşıyır.

Araşdırma həmçinin göstərib ki, bioloji yaşın artması erkən yaşlarda rast gəlinən bəzi xərçəng növlərinin riskinin yüksəlməsi ilə əlaqəlidir. Ən güclü əlaqə ağciyər, uşaqlıq və mədə-bağırsaq sistemi xərçənglərində müşahidə edilib. Bununla belə, alimlər vurğulayırlar ki, bu nəticələr bioloji yaşın birbaşa xərçəngə səbəb olduğunu göstərmir, sadəcə iki göstərici arasında statistik əlaqə mövcuddur.

Mütəxəssislərin fikrincə, piylənmə, az hərəkətli həyat tərzi, yuxu pozuntuları, xroniki stress, yüksək emal olunmuş qidaların qəbulu və hava çirklənməsi kimi amillər bioloji qocalmanı sürətləndirə bilər. Onlar bildirirlər ki, insan orqanizmi illər boyu məruz qaldığı təsirləri "yadda saxlayır" və bu dəyişikliklər hüceyrələrdə öz izini qoyur.

Araşdırmada maraqlı nəticələrdən biri də müxtəlif orqanların fərqli sürətlə qocalması olub. Belə ki, immun sistemindəki qocalma əlamətləri erkən yaşlarda ağciyər xərçəngi, piy toxumasındakı dəyişikliklər isə kolorektal xərçəng riski ilə əlaqələndirilib.

Alimlər bildirirlər ki, hazırda yalnız qan analizinə əsasən bir insanın xərçəng riskini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Buna görə də əsas məqsəd panika yaratmaq deyil, sağlam həyat tərzinin əhəmiyyətini ön plana çıxarmaqdır.

Mütəxəssislər gənc yaşlardan etibarən fiziki aktiv olmağı, balanslı qidalanmağı, kifayət qədər yatmağı, siqaret və tütün məhsullarından uzaq durmağı, alkoqol qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər. Ailəsində erkən yaşlarda xərçəng diaqnozu qoyulan şəxslərə isə hər hansı əlaməti "gəncəm" deyərək diqqətdən kənarda saxlamamaları məsləhət görülür.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->