Xəbər lenti

Dünya 13:05 05.09.2023

General Surovikin Priqojinin ölümündən sonra sərbəst buraxılıb - NYT

"Vaqner” özəl hərbi şirkətin yaradıcısı Yevgeni Priqojinin üsyanından sonra saxlanılan general Sergey Surovikin azadlığa buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi və Rusiya Müdafiə Nazirliyindəki mənbə The New York Times-a bildirib.

Onların sözlərinə görə, əvvəllər Ukraynada Rusiya qoşunlarına komandanlıq etmiş yüksək rütbəli hərbçi Priqojin avqustun 23-də təyyarə qəzasında öləndən bir neçə gün sonra həbsdən azad edilib. Həmsöhbətlər əlavə edirlər ki, buna baxmayaraq, generalın hərəkətinə hansısa məhdudiyyətin və ya hakimiyyət tərəfindən digər məhdudiyyətlərin olub-olmaması qeyri-müəyyən olaraq qalır.

Onların fikrincə, Surovikin hələ də rütbəsini qoruyub saxlayır və texniki cəhətdən hələ də hərbi zabitdir, lakin "onun artıq karyera perspektivi yoxdur”.

Priqojinin müttəfiqi sayılan Surovikin muzdluların lideri Rusiya hərbi rəhbərliyinə qarşı çıxdıqdan və iyunun 23-24-də "Moskvaya yürüş” elan etdikdən sonra ictimaiyyətin gözündən itib. ABŞ rəsmiləri iddia edirlər ki, general üsyan barədə əvvəlcədən məlumatlı olub, baxmayaraq ki, bu hadisələrin əvvəlində İnternetdə "vaqnerçi"ləri geri çəkilməyə çağıran videomüraciət dərc edilib. 

İyunun 28-də Müdafiə Nazirliyinin əməkdaşlarına yaxın iki mənbə "The Moscow Times”a Surovikinin həbs edildiyini bildirib. 

Sentyabrın 4-də jurnalist Kseniya Sobçak generalla həyat yoldaşının fotosunu dərc edib. "Sergey Surovikin çıxıb. Sağ-salamat, evdə, ailəsi ilə, Moskvadadır”, - deyə o, dəqiq haradan "çıxdığını” açıqlamayıb. Elə həmin gün Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Surovikinə qarşı istintaqın olub-olmaması ilə bağlı suala cavab verməyib.

Ötən ay RBC mənbələri generalın Rusiya Hərbi-kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən "başqa işə keçməsi ilə əlaqədar olaraq rəsmi olaraq uzaqlaşdırıldığını və Müdafiə Nazirliyinin sərəncamında olduğunu” bildirib. Sonra məlum olub ki, bu vəzifəni Hərbi-kosmik Qüvvələrinin Baş Qərargah rəisi general Viktor Afzalov tutub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->