İraqın xarici işlər naziri Fuad Hüseyn iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apararaq, Kürdüstan Muxtar Vilayətinin Baş naziri Məsrur Bərzaninin ofisinə təşkil edilən hücumla bağlı rəsmi Tehran qarşısında tələb qaldırıb.
Qaynarinfo xəbər verir ki, müzakirə zamanı İraq tərəfi baş verən insidentin regional sabitliyə ciddi zərbə vura biləcək riskli bir addım olduğunu vurğulayıb. Hücumun regional gərginliyi artırdığını bildirən Bağdad rəhbərliyi, hadisənin təfərrüatlarının tam aydınlaşdırılmasını istəyib.
İranın Xarici İşlər Nazirliyi isə öz növbəsində hücumun İslam Respublikasının ərazisindən təşkil olunmasına dair heç bir faktiki göstəricinin olmadığını iddia edib.
Bundan əvvəl Məsrur Bərzani bəyan etmişdi ki, onun şəxsi qərargahı və Təhlükəsizlik Servisinin rəhbərinin iqamətgahı İrana məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəfə alınıb. Kürdüstan hökumətinin başçısı bu zərbələri regionun təhlükəsizliyinə birbaşa təhdid və açıq eskalasiya cəhdi kimi qiymətləndirib.
Şərhlər