Dünya 16:56 12.01.2024

İsrail Haaqada bəyan etdi: "Biz müharibəyə başlamamışıq və özümüzü müdafiə edirik"

Birləşmiş Millətlər Təşkilatının Haaqa Beynəlxalq Məhkəməsində Qəzza zolağında fələstinlilərə qarşı mümkün soyqırımı ilə bağlı Cənubi Afrika Respublikasının İsrailə qarşı iddiası üzrə açıq dinləmələrin ikinci günü keçirilib.

Qaynarinfo xəbər verir ki, yanvarın 11-də məhkəmədə Cənubi Afrikanın nümayəndələri çıxış ediblər. Bu gün, yanvarın 12-də İsrail tərəfi söz deyib.

"İsrail bu prosesdə çağırış edilən Soyqırım Konvensiyasının nə üçün qəbul edildiyini yaxşı bilir. Kollektiv yaddaşımızda qalan şey, əvvəlcədən düşünülmüş və iyrənc bir tam məhv proqramının bir hissəsi olaraq altı milyon yəhudinin sistematik şəkildə öldürülməsidir. Yəhudi xalqının tarixini nəzərə alsaq, İsrailin Soyqırım Konvensiyasını qeyd-şərtsiz ratifikasiya edən və onun müddəalarını öz daxili qanunvericiliyinə daxil edən ilk dövlətlərdən biri olması təəccüblü deyil. Bəziləri üçün "Bir daha heç vaxt" vədi bir şüardır, İsrail üçün bu, ən yüksək mənəvi öhdəlikdir", deyə İsrail nümayəndəsi Tal Beker çıxışının əvvəlində bildirib.

O, həmçinin yəhudi əsilli Polşa və Amerika hüquqşünası, ilk növbədə tədqiqatları və soyqırım sözünün ilk dəfə hüquqi anlayış kimi təqdim edilməsi ilə tanınan Rafal Lemkinin rolunu qeyd edib.

"O, dünyaya o zaman mövcud olan hüquqi lüğətin nasist Holokostunun törətdiyi dağıdıcı pisliyi əhatə etmək üçün kifayət etmədiyini başa düşməyə kömək etdi. İndi də ərizəçi bu termini İsrailin müharibədəki davranışı kontekstində işlətməyə çalışıb. İsrail HƏMAS, İslami Cihad və vəhşiliklərinin həddi-hüdudu olmayan digər terror təşkilatlarına qarşı özünü müdafiə etdiyi müharibəyə başlamadı və bunu istəmədi. Bütün müharibələrdə olduğu kimi, bu müharibədə də dinc əhalinin əziyyəti faciəvidir, ürək parçalayır", deyə Bekker bildirib.

Vəkil həmçinin vurğulayıb ki, İsrail dinc əhaliyə dəyən zərəri minimuma endirməyə çalışır, HƏMAS isə həm israillilərə, həm də fələstinlilərə maksimum zərər verməyə yönəlmiş strategiyaya malikdir.

Qeyd edək ki, Cənubi Afrika 29 dekabr 2023-cü il tarixində BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın mümkün pozulması ilə bağlı İsrailə qarşı iddia qaldırıb.

ABŞ dövlət katibi Entoni Blinken Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə İsrailə qarşı iddiasını əsassız adlandırıb.

Aydın