"Böyük ehtimalla İsraillə Suriya danışıqlara başlayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriya ilə İsrail arasında yaşanan gərginliyin tərəflər arasında birbaşa müharibəyə çevrilməsi ehtimalından danışarkən deyib.
Rufiz Hafizoğlu bildirib ki, Druzlar burada bir bəhanədir:
"Suriya ilə İsrail arasında müharibənin olması heç bir halda Druz xalqının marağına xidmət etməyən amildir. Suriya hakimiyyəti qarşısında ən önəmli məqamlardan biri ölkədə stabilliyi qoruyub saxlamaqdır. Böyük ehtimalla Əhməd əl-Şaraa da bu vəziyyətlə razılaşacaq. Çünki hazırkı vəziyyətdə Suriyanın qarşısında başqa bir seçim də yoxdur".
Ekspert qeyd edir ki, Druzlar bölünmüş vəziyyətdə olsalar da, Suriyadakı Druzların əksəriyyəti rəsmi Dəməşq hökumətinə etimad göstərir:
"Yaxın Şərqdə hadisələr gərgin və artan templə davam etməkdədir. Druzlar hər zaman xarici qüvvələr tərəfindən maşa kimi istifadə olunub. Druz cəmiyyəti bu gün bölünmüş vəziyyətdədir. Suriyadakı Druzların böyük hissəsi isə bu günki hakimiyyətə etimadlarını bildirib".
Həmsöhbətimiz düşünür ki, yaxın günlərdə anlaşma əldə edilə bilər:
"Suriyanin ərazi bütövlüyü önəmlidir. İsrail isə druzları bəhanə gətirərək, rəsmi Dəməşqi "İbrahim anlaşması”nı imzalamağa məcbur etmək istəyir. Əhməd əl-Şaraa açıqlamasında müharibədədən çəkinmədiklərini, lakin ölkənin bütövlüyü, xalqının rifahını seçdiklərini bildirib. Bu açıqlama önəmli məsələdir. Druzların yaşadığı bölgələrdə vəziyyəti tənzimləmələri üçün onlara məsuliyyət verdiklərini də söyləyib. Digər tərəfdən də bəyan etdi ki, druzlar ölkənin tam hüquqlu vətəndaşlarıdır. Dolayısı ilə çətinliklərə baxmayaraq Əhməd əl-Şaraa Suriyada istiqlalın olması üçün ən maksimum addım atdı".
Qeyd edək ki, Bakıda Suriya ilə İsrail nümayəndələri arasında danışıqların ardınca bu iki ölkə arasında yenidən gərginlik yaranıb. İsrail Suriya ərazisini bombalayıb. Suriyanın keçid hökuməti qoşunları isə Druzların yaşadığı ərazilərə həmlə edib. Əhməd əl-Şaraa isə bildirib ki, Suriya hakimiyyəti ölkədəki Druz azlığının xarici qüvvələrin alətinə çevrilməsinə imkan verməyəcək. O, Druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsini Suriyanın prioriteti adlandırıb.
Bu arada İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraanın aradan qaldırılmasına çağırıb. O əlavə edib ki, İsrail "ilanın başını əzməlidir". ABŞ isə bir daha İsrailə müraciət edərək Suriyaya zərbələri dayandırmağı xahiş edib. Bu barədə "Axios" nəşrinin müxbiri Ravid öz X hesabında yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat verib.
Rüfət Sultan
Şərhlər