Xəbər lenti

Ölkə 11:09 26.10.2023

Özü körpə olanların dünyaya gətirdiyi 2011 uşaq... - Bu, hələ üzdə olan rəqəmdir

"Bu rəqəm real statistika deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayından danışarkən deyib. 

Sədr bildirib ki, bu rəqəmlər ancaq qeydiyyata düşənlərlə əlaqədardır: 

"Doğum faktının təsdiq olunması müraciətlər əsasında olur. Araşdırmalarımız, quruma daxil olan müraciətlər göstərir ki, bu gün çox insan sənəd almağa müraciət etmir. Erkən evlilikdən dünyaya gələn uşaqlar var. Onların heç birinin doğum haqqında şəhadətnamələri, onları təsdiq edən sənədləri yoxdur".
 


Sədr qeyd edib ki, daha bir statistika da var və onlar qeydiyyata düşməyənlər üçündür: 

"Bizə daxil olan müraciətlər əsasında deyə bilərik ki, bu rəqəmlərdə 30% artım ola bilər. Bunlar azyaşlı analardır".

Qeyd edək ki, Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb. Onların sayı 2011 nəfərdir. Bu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb. 

Qeyd edilib ki, bu, 2021-ci illə müqayisədə belə uşaqların sayı 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->