Xəbər lenti

Tramp vəzifəyə keçdikdən sonra Baydenin yüzə yaxın qərarını ləğv etdi
Dünya 11:27 21.01.2025

Tramp vəzifəyə keçdikdən sonra Baydenin yüzə yaxın qərarını ləğv etdi

ABŞ-ın yeni prezidenti Donald Tramp ilk prezidentlik günündə verdiyi vədləri yerinə yetirərək, sələfi Co Baydenin onlarla qərarını ləğv edən bir çox sərəncam imzalayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times yazır.  

Tramp bazar ertəsi axşamı çıxışında bildirib ki, o, əvvəlki administrasiyanın "təxribat xarakterli, radikal icra qərarlarından" təxminən 80-ni ləğv edib.  

Baydenin ləğv olunan qərarları arasında federal hökuməti qaçqınlara dəstək proqramını bərpa etməyə və Ədliyyə Nazirliyinin xüsusi həbsxanalardan istifadəni dayandırmağa məcbur edən direktivlər də var.  

Trampın bəzi qərarlarının məhkəmədə mübahisələndirilməsi gözlənilir, digərləri isə daha çox simvolik xarakter daşıyır. Lakin bu addımlar Trampın Bayden administrasiyasının kursundan qəti şəkildə uzaqlaşmaq və seçkiqabağı vədlərini yerinə yetirmək niyyətini əks etdirir.  

Xüsusilə, Tramp Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq, Denali dağını və Meksika körfəzini yenidən adlandırmaq, ölüm cəzası tətbiq edən ştatların kifayət qədər zəhərli inyeksiya ehtiyatına malik olmasını təmin etmək barədə sərəncam verib.  

Tramp baş prokurora TikTok-u qadağan edən qanunun tətbiqini 75 gün müddətinə dayandırmağı, bu müddət ərzində administrasiyaya uyğun irəliləyiş kursunu müəyyənləşdirmək imkanı verməyi tapşırıb.  

ABŞ tarixində ilk dəfə milli enerji fövqəladə vəziyyəti elan edən Tramp, bunun müəyyən ekoloji qaydaların fəaliyyətini dayandırmaq üçün yeni səlahiyyətlər əldə etməyə imkan yarada biləcəyini bildirib.  

O, Bayden dövrünə aid minik avtomobilləri və yüngül yük maşınlarının eqzoz emissiyalarını məhdudlaşdıran qaydaları ləğv etməyə, enerji səmərəliliyi standartlarını (qabyuyan maşınlar, duş başlıqları və qaz sobaları üçün) aradan qaldırmağa və Alyaska vəhşi təbiətinin daha çox neft və qaz quyusu qazma işlərinə açılmasına dair qərar qəbul edib.  

Tramp sərhəddən yeni gələn şəxslərə sığınacaq verilməsini qadağan etmək, qeyri-qanuni immiqrantların uşaqlarına vətəndaşlıq vermək hüququnu ləğv etmək (14-cü düzəlişə uyğun olaraq təmin edilən hüquq) və qaçqınların qəbulu proqramını ABŞ-ın maraqlarına cavab verənədək dayandırmaq barədə sərəncam imzalayıb.  

O, həmçinin federal agentliklərə ticarət praktikasını (o cümlədən, ticarət balansındakı daimi kəsiri və ədalətsiz valyuta təcrübələrini), Kanada, Çin və Meksikadan ABŞ-a narkotiklərin və miqrant axınlarının təhlilini başlamağı tapşırıb.  

Eyni zamanda, Tramp Çinin onun 2020-ci ildə imzaladığı ticarət müqaviləsinə, həmçinin ABŞ-Meksika-Kanada Sazişinə (Şimali Amerika Azad Ticarət Sazişinin əvəzinə gəlmişdi) əməl etməsini qiymətləndirməyi göstəriş verib.  

Xatırladaq ki, prezidentliyinin ilk günündə Tramp Ağ Evdə Putinin Rusiyanı necə dağıtdığını və müharibəni bitirmədiyi haqda danışıb.  

İnauqurasiya nitqində Tramp sülh yaratmaq və birləşdirici şəxs olmaq vədi verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->