Sabah Azərbaycan Premyer Liqasında "Qərb derbisi” baş tutacaq. 22-ci tur çərçivəsində "Turan Tovuz” evdə "Kəpəz”i qəbul edəcək. Turnir cədvəlinin hansı pilləsində mövqe tutmalarına baxmayaraq, bu komandalar arasında keçirilən qarşılaşmalar daim prinsipiallığı ilə seçilib.
"Turan Tovuz”un kapitanı sabahkı oyunla bağlı Qaynarinfo-ya fikirlərini bölüşüb. O, derbiyə tam hazır olduqlarını bildirir:
"Düşünürəm ki, yaxşı hazırlaşmışıq, analizlər aparmışıq. Düzdür, derbi oyunudur. Amma bu şəkildə düşünsək, özümüzü "yandıra” bilərik. Digər oyunlara necə hazırlaşırıqsa, buna da o şəkildə hazırlıq keçirik. 3 xal qazansaq, aşağı pillələrdəki rəqiblərdən aralanacağıq. Bunu dərk edirik. Şükür ki, zədəlilərimiz yoxdur. Sabah meydana çıxıb maksimum nəticə qazanmağa çalışacağıq”.
Şəhriyar vaxtilə çıxış etdiyi "Kəpəz”i indiki ilə müqayisə də etdi. O, əvvəlki komandanın daha güclü olduğunu düşünür:
"Son turlara baxanda, həqiqətən "Kəpəz” yaxşı futbol oynayır. Çempionat oyunlarını həm televizordan izləyirik, həm də analiz edirik. Görünür, ilk dövrədəki komandadan çox fərq var. Yeni futbolçular gəlib, uyğunlaşma prosesi gedir. Mən də "Kəpəz”də oynamışam. Mən oynadığım "Kəpəz" ilk ilində daha güclü idi. Mən belə düşünürəm, başqaları fərqli fikirlər söyləyə bilər".
"Turan Tovuz” fasilədən sonra hələ ki, cəmi bir qələbə qazanıb. Kapitan komandada hansı çatışmazlıqların olması ilə bağlı sualı cavablandırır:
"Fasilədə məşqlərimiz, həmçinin oyunlarımız yaxşı keçdi. Son turlarda pis oynamamışdıq. "Qarabağ”la "Sumqayıt”a uduzmaya da bilərdik. "Şamaxı” üzərində qələbədən sonra özümüzə inamımız qayıdıb. Fikrimcə, daha da yaxşı olacaq”.
Əliyev yeni transferlərin durumu haqqında da danışdı:
"Çalışırlar uyğunlaşsınlar. Denis Marandiçi ən çox oynayanlardan biridir. Ümumiyyətlə, təkcə o deyil, bütün futbolçular komandaya xeyir vermək istəyir və bunun üçün əllərindən gələni edir".
Şansları dəyərləndirərkən qələbə qazanacaqlarına ümid bəslədiyini deyən kapitan "Turan Tovuz”a yeni sponsor tapıldığı üçün ruh yüksəkliyi olduğunu vurğulayır:
"Son oyunlarda "Kəpəz” yaxşı çıxış edir. Biz evdə, azarkeşlərimizin dəstəyi altında oynayacağıq. Qələbə qazanıb onları sevindirmək istəyərik. Hər oyun çalışırıq xal qazanaq. Bu oyuna sırf derbi deyil, adi çempionat matçı kimi yanaşırıq. Əlbəttə, sponsor olması yaxşıdır. Birinci, ikinci dövrələrdə komanda zədəli futbolçulara görə əziyyət çəkib. Oynatmağa futbolçumuz olmurdu. İnşallah büdcəmiz artırılar, yeni transferlər həyata keçirilər və ehtiyat futbolçularımızın sayı çoxalar”.
Səbuhi Həsənov
Şərhlər