XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Almaniyada ifrat sağın tarixi qələbəsi: AfD hakimiyyət yolunda...
Dünya10:46 07.09.2026

Almaniyada ifrat sağın tarixi qələbəsi: AfD hakimiyyət yolunda...

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə tarixi nəticə əldə edib. AfD səslərin 44 faizini toplayaraq seçkidən böyük fərqlə qalib çıxıb. Partiyanın mütləq çoxluğa sahib olub-olmadığı hələ dəqiqləşməyib. Koalisiya tərəfdaşı tapa bilmədiyi təqdirdə əyalətdə siyasi böhran yarana bilər.

Qaynarinfo xəbər verir ki, Almaniyanın şərqində yerləşən Saksoniya-Anhaltda seçicilər dünən yalnız əyalətin yeni hökumətini deyil, həm də AfD-nin siyasi sərhədləri aşaraq hakimiyyətə gəlib-gələ bilməyəcəyini müəyyənləşdirəcək seçki üçün səs veriblər. İfrat sağçı AfD səslərin 44 faizini toplayaraq qələbəsini elan edib.

Saksoniya-Anhalt əyalətində seçicilər yeni hökuməti müəyyənləşdirmək üçün səhər saat 08:00-dan etibarən səsverməyə başlayıblar. Partiyaların baş nazirliyə namizədləri də öz seçki dairələrində səs veriblər. Baş nazir Fridrix Mertsin federal koalisiyası üçün mühüm sınaq hesab olunan seçkidə səsvermə yerli vaxtla saat 18:00-dək davam edib.

Səsvermə hüququ olan 1,7 milyon seçicinin olduğu seçkidə iştirak 80 faizə çataraq son 30 ilin rekordunu yeniləyib. İfrat sağçı AfD beş il əvvəl keçirilən seçki ilə müqayisədə səslərini 23,7 faiz bəndi artıraraq 44 faizlə birinci olub.

Alman seçicilər 23 may 1949-cu ildə Almaniya Konstitusiyasının qəbulundan sonra rəsmən yaradılan Almaniya Federativ Respublikasında İkinci Dünya müharibəsindən bəri ilk dəfə ifrat sağçı bir partiyanın əyalətlərdən birində hakimiyyətə gəlməsinə yol açıb.

BSW-nin dəstəyi ilə hakimiyyət

Seçki məntəqələrindən çıxış sorğularına görə, federal hökumətin əsas tərəfdaşı olan Xristian Demokrat İttifaqı (CDU) 2021-ci ildə keçirilən əvvəlki seçki ilə müqayisədə 18,6 faiz bəndi itirərək 18,5 faiz səslə ikinci olub.

Sol Partiya əvvəlki seçki ilə müqayisədə 1,5 faiz bəndi itirərək 9,5 faizlə üçüncü, Yaşıllar isə 9 faizlə dördüncü yeri tutub. Əvvəlki seçkiyə nisbətən 0,4 faiz bəndi itirən Sosial Demokrat Partiyası (SPD) 8 faiz səslə beşinci olub.

Sosial Ədalət və İqtisadi Anlayış İttifaqı (BSW) isə çıxış sorğularına əsasən 5 faiz səs toplayaraq parlamentə daxil olmaq hüququ qazanıb. Bununla belə, BSW-nin 5 faizlik seçki baryerini keçib-keçməyəcəyi hələ dəqiq bilinmir.

Seçkidən əvvəl CDU-dan olan baş nazir Sven Şultsenin vəzifədən getməsi üçün ilk iki turda olmasa belə, üçüncü turda AfD-yə kənardan dəstək verəcəklərini açıqlayan Sahra Vaqenknextin yaratdığı BSW 5 faizlik baryeri keçərsə, AfD-nin hakimiyyətə gələcəyi bildirilir.

Lakin BSW baryeri aşa bilməsə və ya baryeri keçdiyi halda yeni seçilən BSW deputatları Vaqenknextin mövqeyini dəstəkləməsə, AfD-nin hakimiyyətə gəlməsi mümkün olmayacaq.

Sol Partiyanın kənardan dəstəyi ilə CDU, SPD və Yaşılların “azlıq hökuməti” yaradaraq hakimiyyətə gəlməsi də mümkün görünür. Ancaq bəzi CDU üzvləri partiyanın nizamnaməsindəki “Sol Partiya ilə əməkdaşlıq edilməyəcək” prinsipini xatırladaraq buna qəti şəkildə qarşı çıxırlar. Sol Partiya isə CDU-nun onlarla əlaqə saxlaması halında “azlıq hökuməti”nin yaradılmasına kənardan dəstək verəcəyini açıqlayıb.

Hakimiyyətə hazırdır

Saksoniya-Anhaltda seçki qutuları açıldıqdan və ilkin nəticələr açıqlanandan sonra bəyanat verən AfD-nin baş nazirliyə namizədi Ulrix Ziqmund hakimiyyəti təhvil almağa hazır olduqlarını bildirib.

35 yaşlı AfD siyasətçisi Almaniyanı irəli aparmaq üçün sağlam düşüncəli siyasətçilərlə və ölkəsini, xalqını düşünən partiyalarla danışıqlara hazır olduqlarını vurğulayıb.

AfD-nin hədəfləri

Almaniyada son dövrlərdə keçirilən rəy sorğularında ilk sıraya yüksələn ifrat sağçı AfD-nin vədləri ölkə siyasətində narahatlıq doğurur:

* Avropa İttifaqının (Aİ) müqaviləsi yenilənməlidir. Bu mümkün olmadıqda Almaniya Aİ-dən çıxmalıdır.

* Aİ-nin avro valyutasının əvəzinə yenidən Alman markına qayıdılmalıdır.

* Almaniyanın qapıları sığınacaq axtaranların və yeni miqrantların üzünə bağlanmalıdır.

* İcazəsiz və vizasız Almaniyaya gəlmək istəyən əcnəbilər sərhəd-keçid məntəqələrindən geri qaytarılmalıdır.

* Almaniya Konstitusiyasındakı “sığınacaq hüququ” ilə bağlı maddə ləğv edilməlidir.

* Almaniyada müraciətləri qəbul edilməyən sığınacaq axtaranlar, həmçinin cinayət törədərək cəzalandırılan əcnəbilər və miqrant mənşəli şəxslər dərhal deportasiya edilməlidir.

* Rusiyaya qarşı sanksiyalara son qoyulmalıdır.

* Almaniyada məscid və minarələrin tikintisinə, azan oxunmasına icazə verilməməlidir.

Aydın