Xəbər lenti

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Dünya 17:16 09.07.2026

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək

Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. 

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır.

Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək. Şimalda havanın təxminən 25 dərəcə, cənubda isə 35–36 dərəcəyədək yüksələcəyi gözlənilir.

Midlends, eləcə də İngiltərənin şərq və cənub hissələrində iyulun 12-si saat 21:00-dək sağlamlıqla bağlı narıncı xəbərdarlıq qüvvədə olacaq. Eyni müddətdə ölkənin şimalında sarı xəbərdarlıq tətbiq ediləcək.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur səhiyyə və sosial xidmət sisteminə ciddi yük yarada bilər. Xüsusilə 65 yaşdan yuxarı şəxslər və xroniki xəstəlikləri olan insanlar arasında ölüm hallarının artması riski var.

Sinoptiklərin məlumatına görə, istiliyin pik həddinə cümə günü çatacağı gözlənilir. Həftənin əvvəlindən etibarən İngiltərənin cənub və şərq bölgələrinin bir hissəsində ardıcıl üç gün müəyyən olunmuş həddi aşan temperatur səbəbindən rəsmi olaraq istilik dalğası qeydə alınıb.

Çərşənbə axşamı Teddinqton, Riçmond-apon-Temz və Kent qraflığının Frittenden yaşayış məntəqəsində temperatur 32,4 dərəcəyə çatıb.

Yaxın günlərdə bəzi ərazilərdə havanın 34–35 dərəcəyədək isinməsi proqnozlaşdırılır. İstilik dalğasının tədricən şimala və qərbə doğru yayılaraq cümə gününədək Şimali İrlandiya və Şotlandiyaya çatacağı bildirilir.

Həftənin sonuna doğru yüksək atmosfer təzyiqi nəticəsində formalaşacaq şərq küləyi ölkənin şərq hissəsinə nisbətən sərin hava gətirəcək. Bununla yanaşı, istilik dalğasının mərkəzi İngiltərənin mərkəzi və cənub bölgələrinə doğru hərəkət edəcək. Cənubi Uelsdə də temperaturun 33 dərəcəyədək yüksələcəyi gözlənilir.

Meteoroloqlar rekord göstəricilərin qeydə alınacağını gözləməsələr də, hazırkı istilik dalğasının 1976-cı ildən bəri ən uzun sürənlərdən biri ola biləcəyini bildirirlər. Həmin il İngiltərənin bəzi bölgələrində temperatur 13–16 gün ardıcıl olaraq 30 dərəcədən yuxarı olub. Hazırkı proqnozlara görə, ölkənin cənubunda bəzi ərazilərdə temperatur 14 günədək 27–28 dərəcədən yuxarı qala bilər.

Ümumdünya Səhiyyə Təşkilatı da Avropada müşahidə olunan anomal istilərlə bağlı xəbərdarlıq edib. Qurumun Avropa üzrə direktoru Hans Henri Klyuge bildirib ki, Portuqaliya və İspaniyanın cənubunda temperaturun 43 dərəcəyədək yüksələcəyi gözlənilir və qarşıdakı həftələr ölümcül isti hava dalğaları ilə müşayiət oluna bilər. O, ölkələri isti hava ilə bağlı milli fəaliyyət planları hazırlamağa və onları həyata keçirməyə çağırıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->