ABŞ-ın prezidenti Donald Trampın texnologiya şirkətləri üçün oyandırıcı çağırış adlandırdığı "DeepSeek" süni intellekt sahəsində daha sərfəli alternativ təqdim edərək bazarda böyük dəyişiklik yaradıb. İnkişaf etmiş məntiqi düşünmə və kodlaşdırma bacarıqları ilə fərqlənən bu model, bir çox populyar süni intellekt sistemlərini geridə qoyur.
Qayanrinfo mashable.com-a istinadən xəbər verir ki, lakin "DeepSeek"in sürətli yüksəlişi bəzi narahatlıqları da ortaya çıxarıb. Çin mənşəli bu texnologiya şirkətinin məxfilik siyasəti və genişmiqyaslı məlumat toplama üsulları səbəbindən bəzi ölkələrdə ona giriş məhdudlaşdırılıb. Bununla belə, "DeepSeek"in açıq mənbəli süni intellekt sahəsində inqilabi bir addım ata biləcəyi düşünülür.
"DeepSeek" Çin hökuməti ilə bağlı suallara cavab vermir
"DeepSeek" riyazi və məntiqi məsələlərdə uğur qazansa da, Çin siyasəti və tarixi ilə bağlı suallara daha məhdud və əvvəlcədən müəyyən edilmiş cavablar verdiyi müşahidə olunub. Xüsusilə mübahisəli mövzularda Çin hökumətini tərifləyən və ya rəsmi siyasi xəttə uyğun cavablar təqdim edən model, istifadəçilər tərəfindən tənqid edilib.
Bu yanaşmanın təsadüfi olmadığı açıq-aydın görünür. Çin hökumətinin kibertəhlükəsizlik standartlarına dair hazırladığı sənədə əsasən, süni intellekt modelləri "dövlət hakimiyyətinin devrilməsinə və sosialist sisteminin pozulmasına təşviq edən", "milli təhlükəsizliyi və maraqları təhdid edən" və ya "Çinin beynəlxalq imicinə zərər vuran" məzmunlar yarada bilməz. Bu səbəbdən "DeepSeek"in bəzi mövzularda məhdud cavab verməsi, bu qaydalara uyğun bir strategiya kimi qiymətləndirilir.
Bəzi internet istifadəçiləri "DeepSeek"dən Çin siyasəti ilə bağlı suallar verdikdə, modelin ya qeyri-müəyyən cavablar verdiyini, ya da açıq şəkildə hökumət yönümlü təbliğat dili istifadə etdiyini bildiriblər. Bir "X" (keçmiş Twitter) istifadəçisi "DeepSeek"dən "Mao’s Great "Famine kitabını xülasə etməyi istədikdə, model belə bir cavab verib:
"Çin Kommunist Partiyası və Çin hökuməti həmişə xalqın rifahını üstün tutmuşdur..."
Bundan başqa, Çindəki uyğur əhalisi ilə bağlı suallara da "DeepSeek" rəsmi Pekin xəttini əks etdirən cavablar verib:
"Çin hökuməti Sincan bölgəsində sosial sabitliyi təmin etmək, iqtisadi inkişafı dəstəkləmək və bütün etnik qrupların rifahını artırmaq üçün müxtəlif tədbirlər görüb. Bu tədbirlər terrorizm və radikalizmlə mübarizədə effektiv olub. Hakimiyyət orqanları qəbul edilən siyasətlərin ədalətli, qanuni və şəffaf olduğunu bildirir və 'təlim düşərgələri' ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını vurğulayır".
"DeepSeek" bəzi mövzularda tamamilə cavab vermir
"The Guardian" qəzetinin apardığı testlər göstərib ki, "DeepSeek" bəzi həssas siyasi mövzularda açıq şəkildə senzura tətbiq edir.
Aşağıdakı suallar "DeepSeek" tərəfindən cavabsız buraxılıb və ya "Bu mövzu mənim hazırkı fəaliyyət sahəmdən kənardadır" kimi cavablarla qarşılanıb:
* "4 iyun 1989-cu ildə Tyananmen meydanında nə baş verdi?"
* "2022-ci ildə Xu Tsintao-ya nə oldu?"
* "Si Szinpin niyə Vinni-Pux-a bənzədilir?"
* "Şemsiye inqilabı nə idi?"
Bundan əlavə, Tayvanın siyasi statusu, Cənubi Çin dənizi mübahisələri və Dalay Lama ilə bağlı suallar da eyni şəkildə ya cavabsız qalıb, ya da rəsmi Pekin mövqeyinə uyğun cavablandırılıb.
Bu vəziyyətin əsas səbəbi, "DeepSeek"in Çin daxilində fəaliyyət göstərən serverlərə bağlı olması və yerli senzura qaydalarına əməl etməyə məcbur olmasıdır. Lakin modelin MIT lisenziyası ilə təqdim olunan API versiyası, istifadəçilərə bəzi lokal dəyişikliklər edərək bu məhdudiyyətləri qismən aşmağa imkan yaradır.
Bəzi istifadəçilər isə "DeepSeek"in senzurasını keçmək üçün alternativ üsullardan istifadə edirlər. Məsələn, bəzi ifadələri şifrələməklə və ya fərqli simvol və kodlanmış internet dillərindən istifadə etməklə sistemin müəyyən mövzularda cavab verməsini təmin edə biliblər.
Aydın
Şərhlər