Xəbər lenti

Monqolustan Putini həbs edə bilərdimi? (AÇIQLAMA)
Dünya 18:30 03.09.2024

Monqolustan Putini həbs edə bilərdimi? (AÇIQLAMA)

"BCM-nin Roma Statutunun 98 maddəsinə əsasən, Putinin saxlanılması mümkün deyil. Burada qeyd edilir ki, Roma Statutunu qəbul edən ölkənin onu qəbul etməyən ölkəyə qarşı belə hərəkət etməsi beynəlxalq hüquq baxımından yolverilməzdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putinin Roma Statutunu qəbul edən Monqolustana səfərini və onun yaratdığı ajiotajı şərh edərkən deyib:

"Rusiya Roma Statutunu qəbul etmir, onu ratifikasiya etməyib. Habelə Putinin diplomatik immunitetinin olması fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 98 maddəsinə əsasən, onun tutulması mümkünsüzdür. Orada qeyd edilir ki, Roma Statunu qəbul edən ölkənin onu qəbul etməyən ölkəyə qarşı belə hərəkət etməsi  beynəlxalq hüquq baxımından yolverilməzdir. Bu baxımdan Monqolustan və Roma Statunu qəbul edən digər ölkələrə səfəri zamanı Putin həbs oluna bilməz”. 
 


Ekspert deyir ki, Putinin həbsi yalnız onun prezident kimi fəaliyyətini bitirdikdən sonra  mümkündür:
 
"İndiki halda diplomatik immunitetini itirməsi üçün məsələyə BMT səviyyəsində baxılmalıdır ki, Rusiyanın Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvü olması səbəbindən bu da həll olunası məsələ deyil. Roma Statutundan isə ancaq siyasi təzyiq aləti kimi istifadə oluna bilər. Hüquqi cəhətdən onun realizə olunması beynəlxalq hüquq baxımından mümkünsüzdür”.
 
Həmsöhbətimizin fikrincə, Putinin Türkiyəyə səfərinin reallaşmaması isə dövlətlərin maraqları ilə bağlı razılaşdırılmayan bəzi məqamlarla bağlıdır:
 
"Türkiyə Rusiya münasibətləri tarixi zərurətdən yaranan münasibətlərdir. Putinlə Ərdoğanın görüşü üçün diplomatik müstəvidə bəzi məsələlər sahmana salınmalıdır. Görüşün baş tutması üçün çözülməyə ehtiyacı olan, amma çözülməyən məqamlar var. Görüşün gecikməsi də fikrimcə məhz bu zərurətdən irəli gəlir. Yəni Putinin Türkiyəyə səfəri üçün texniki və təhlükəsizlik baxımından heç bir problem, baryer yoxdur. Sadəcə olaraq, dövlətlərin maraqları ilə bağlı razılaşdırılmayan bəzi məqamlar var. Ona görə də Putinin Türkiyə səfəri hələlik reallaşmır”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Monqolustan Roma Statunu qəbul etsə də bu ölkəyə səfər etdi. Kreml bir müddət əvvəl Vladimir Putinin səfəri kontekstində Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü ilə bağlı heç bir narahatlıqlarının olmadığını bildirib.
 
BCM palatası 2023-cü ilin martında Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Monqolustan Rusiyanı onun səfəri zamanı orderə əməl etməyəcəyinə inandırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov da öz növbəsində əlavə edib ki, Kreml Monqolustanın BCM-də iştirakından narahat deyil.
 
Bu fonda onu da vurğulayaq ki, Putinin uzun müddətddən bəri Türkiyə səfəri nəzərdə tutulsa da, hələ də gerçəkləşmir. Buna rəğmən ara-sıra mətbuata Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq barədə açıqlamalar ötürür. İddiaya görə, hələlik səfərin tarixi razılaşdırılmayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->