"Rusiya sülhməramlı və yaxud hansısa başqa adla hərbi baxımdan Azərbaycanda qalmaq istəyir".
Bunu Qaynarinfo-ya politoloq Cümşüd Nuriyev Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun jurnalistlərə açıqlamasında səsləndirdiyi "Sülhməramlıların Azərbaycan ərazisində bundan sonrakı fəaliyyəti Bakı ilə müzakirə olunacaq" fikrini şərh edərkən deyib.
Politoloq bildirib ki, ruslar Azərbaycandan çıxmaq istəmir:
"Ermənilərin Qarabağdan kütləvi çıxarılmasında da rus sülhməramlıların rolu danılmazdır. Görünən odur ki, Rusiyanın ölkəmizdən bu fonda nə istədiyi barədə hansısa ayrı bir planı var. Artıq əraziyə BMT missiyası gəlir. Belə bir şəraitdə Amerika ərazidə beynəlxalq gücləri yerləşdirmək niyyətindədir. Kreml istəyir ki, Azərbaycan yenidən siyasi cəhətdən eksperimental əraziyə çevrilsin. Ona görə də Peskov əvvəlcədən bəyan edir ki, Rusiya sülhməramlılarının Azərbaycanda bundan sonrakı fəaliyyəti Bakı ilə müzakirə olunacaq.
Moskva onların saylarını azalda bilər, lakin bütün hallarda bir neçə min ermənini qorumaq adı ilə Qarabağda missiyalarını davam etdirəcək. Subyektiv düşüncəmə görə Moskva hətta Bakıdan Azərbaycanda hərbi bazalarının olmasını da istəyə bilər. Rusiya Gürcüstanda işğalçı kimi qalır. Ermənistanda hərbi bazaları var. İndi də sülhməramlı və yaxud hansısa digər adla Bakı ilə razılaşdırmaqla Azərbaycanda da qalmaq istəyir”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya sülhməramlılarının Azərbaycan ərazisində bundan sonrakı fəaliyyətinin Bakı ilə müzakirə olunacağını bildirib.
Rüfət Sultan
Şərhlər